Andorra e, Andorra...

Andorra e, Andorra...

AFFA-nı və yığmamızı təbrik etmək olar. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” tam icra olundu. Dünən millimizin göstərdiyi futbolla fəxr edə bilərik artıq. Düzdür, rəqib Andorra idi. Sən, ey, məgər başa düşmədin? Andorra. Avropa ölkəsidir, qadan alım. Düzdür, bəzi ağzıgöyçəklər cırtdan-filan yazırlar bu ölkənin adı gələndə. Bu da gözü götürməməkdəndi. Nə cırtdan? Div imiş, bu Andorra div. Görün hələ baş məşqçimiz Prosineçki nə deyir? “Nəticəyə baxmayaraq ilk hissədən razı qaldım. Rəqib oynamaq istəmirdi və bizə də öz hücumlarımızı qurmağa imkan vermirdi. Oyunumuz alınmadı, top saxlaya, hücum qura bilmirdik. Cinahlardan aktiv istifadə edə bilmədik”.

Hələ siz Andorranın baş məşqçisi Koldo Alvares dediklərinə bir baxın: “Azərbaycanla oyunun ilk hissəsi çox gərgin keçdi. Oyunun axarını dəyişmək üçün taktiki dəyişiklik etməyi zəruri saydım. Biz çox yaxşı çalışdıq. Bunun nəticəsində çox yaxşı imkanlar əldə etdik. Sadəcə onları sonluğa çatdıra bilmədik”.  Andorra hələ qələbə haqında belə düşünürmüş. Siz də başlamısız cırtdan, nə bilim nə.

Amma statistikaya baxsaq, əslində uğur qazanıb Andorra. Son 19 matçda məğlub olsalar da, uzun fasilədən sonra meydanı məğlubiyyətsiz tərk edə bildilər. Hə, onu da deyim ki,  bu yığma Azərbaycanla oyunadək uduzduğu son 19 düz 56 qol buraxıb.


Ən əsası, Andorra son 6 ildə elə həmin baş məşqçi Koldo Alvaresin rəhbərliyi altında 3-cü heç-heçədir ki, edir. Onların da ikisi Azərbaycanla oyunlara təsadüf edib.

Amma Andorranın Azərbaycan yığmasından fərqli olaraq büdcəsi filanı da yoxdur düz əməlli. AFFA isə təkcə 2015-ci ildə milli komandaya 7 milyon 326 min 217 manat xərcləyib. Və bu qədər pulun qarşılığında bu qolsuz bərabərliklə fəxr edə bilərik.

Böyük uğurdur təbii. Hacıqabul rayon boyda ərazisi və əhalisi olan bir ölkənin yığmasından qol buraxmaq da təcrübəsi də olub axı. Hə, bir dəfə yığmamız onları sevindirib. Ona görə də naşükür olmayaq, sevinmək lazımdı. AFFA-ya isə məsləhət görərdim ki, futbolçuları mükafatlandırsın. Yəqin elə belə də olacaq. Çünki məğlub olan yığmanı mükafatlandırmaq kimi anormal ənənə də AFFA-nın təcrübəsində çox olub.

Və nəhayət, gələn dəfə də mümkünsə rəqib kimi San-Tome və Prinsipidən, Arubadan, Makaodan-zaddan birini seçin. Adlarından qorxmayın e, bunlar da FİFA üzvüdür. Uduzmasaq da, qolsuz heç-heçəyə ümid etmək olar. Allah eləməsin, birdən çaşıb Sent-Kits və Nevislə, Çadla, Svazilendlə oynayarsız, etməyin, onlar sizin üçün Andorra-mandorra deyil. FİFA reytinqində bizdən yuxarıdadırlar.  Əslində, ən yaxşısı, əslində Qazaxıstandı. İstənilən hesabı razılaşmaq olur…Bu tərübəmiz də var axı...

0
22