APA: Biz heç bir separatçı bölgədə fəaliyyət göstərmirik

APA: Biz heç bir separatçı bölgədə fəaliyyət göstərmirik

“Bu siyahını Rusiya XİN-in saytından əldə etmək mümkündür”.

Azərbaycanın KİV nümayəndələrinin Ukraynaya girişinin qadağan edilməsi ilə bağlı məlumat yayılıb. 

Oxu.Az-ın xəbərinə görə, Ukraynanın “Mirotvorets” saytı 239 əcnəbi jurnalistin ölkəyə girişinin qadağan edildiyini açıqlayıb.

Siyahıda Azərbaycan mediasını təmsil edən 11 jurnalistin, o cümlədən “APA Holdinq” MMC-yə daxil olan APA İnformasiya Agentliyinin Rusiyadakı müxbiri Fərid Əkbərovun da adı var. Azərbaycanlı jurnalistlərlə yanaşı, digər ölkələrin media təmsilçilərinin də adı “qara siyahı”ya salınıb.

Saytın iddiasına görə, adı siyahıda yer alan jurnalistlər separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nda qeydiyyatdan keçib, həmin ərazilərə səfər etdiklərinə görə Ukraynaya girişləri yasaqlanıb. 

Məsələ ilə bağlı açıqlama yayan “APA Holdinq” MMC bəyan edib ki, “Mirotvorets” saytının iddialarının heç bir əsası yoxdur. APA İnformasiya Agentliyinin Rusiyadakı müxbiri, Rusiya XİN-də akkreditə olunmuş jurnalist Fərid Əkbərov “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nda qeydiyyatdan keçməyib, heç vaxt o ərazilərdə olmayıb:

“Əslində, “Mirotvorets” saytının yaydığı siyahı Rusiya XİN-də akkreditə olunmuş əcnəbi jurnalistlərin siyahısıdır. Bu siyahını Rusiya XİN-in saytından əldə etmək mümkündür (http://www.mid.ru/accredited).

Siyahıda əcnəbi jurnalistlərin əlaqə telefonları və qeydiyyatda olduğu ünvanlar da qeyd olunub.

“APA Holdinq” MMC bəyan edir ki, APA İnformasiya Agentliyi heç bir separatçı fəaliyyəti dəstəkləmir və heç bir separatçı bölgədə fəaliyyət göstərmir.

Ümid edirik ki, “Mirotvorets” saytı və Ukraynanın aidiyyəti dövlət strukturları anlaşılmazlığın aradan qaldırılması üçün lazımı addımlar atacaq”.

0
21