İlham Əliyev: Azərbaycan və Türkiyə müttəfiq, dost, qardaş ölkələrdir

İlham Əliyev: Azərbaycan və Türkiyə müttəfiq, dost, qardaş ölkələrdir

Prezident Zühtü Arslanı qəbul etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az-ın məlumatına görə, ikitərəfli münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən dövlət başçısı Azərbaycan ilə Türkiyənin müttəfiq, dost və qardaş ölkələr olduğunu deyib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində də inkişaf etdiyini vurğulayan dövlət başçısı Z. Arslanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mühüm məsələlərin müzakirə ediləcəyini və bu sahədə əməkdaşlığımızın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfə verəcəyini bildirib. 

Bu yaxınlarda Türkiyəyə səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev Dünya Humanitar Sammitinin ilk dəfə İstanbulda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

O, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi sahəsində də daha da inkişaf etdirilməsinin önəmini qeyd edib. 

Azərbaycana son dəfə 2010-cu ildə səfər etdiyini və ötən dövr ərzində Bakının tamamilə dəyişdiyini, yeni bir şəhərə çevrildiyini vurğulayan Z. Arslan əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. 

Z. Arslan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin məhkəmə və hüquq sistemi sahəsində də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0
16