İlyas Əfəndiyev – 102

İlyas Əfəndiyev – 102

Əfəndiyevlər ailəsinin bəzi nümayəndələri Sovet hakimiyyəti dövründə həbs edilərək vətəndən uzaqlara sürgün olunub.

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 102 il ötür.

Oxu.Az xəbər verir ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalıb, onların ata-baba mülkü əllərindən alınıb, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnib, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunub. 

İ. Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır:

“Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdı”.

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ. Əfəndiyev, bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi.

1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının “Yeni yol” qəzetində “Buruqlar arasında” adlı ilk oçerki, “Bataqlıq saldatları” kinofilminə yazdığı ilk resenziyası, “Aşağı mətbuata rəhbərliyi canlandırmalı” adlı ilk məqaləsi, “Namuslu fəhlələrin sırasını çoxaltmalı”, “Şərəf və iftixar işi” adlı yazıları işıq üzü görüb.

Yazıçı “Yeni yol” qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə “Kommunist” /1939 -1940/, sonra isə “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam etdirir.

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf Nişanı” ordeni ilə təltif edilib.

1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış uğurlu bir addım idi.

İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.

 1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur. Azərnəşr onun dörd cildlik “Seçilmiş əsərləri”ni nəşr edir.

Ədibin neçə-neçə pyesləri, uşaq hekayələri, povestləri, romanları oxucuların ürəyində taxt qurur. Bunlardan “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani” pyesləri, “Ceyran ovu”, “Yasəmən ağacı” uşaq hekayələri, “Kənddən məktublar”, “Aydınlıq gecələr” povestləri, “Xan çinar”, “Sarıköynəklə Valehin nağılı” romanlarının və s. adlarını çəkmək olar.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq görülür.

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd olunarkən “Yazıçı” nəşriyyatı 1984-1985-ci illərdə oxucularına gözəl bir hədiyyə hazırlayaraq, ədibin 6 cildlik “Seçilmiş əsərləri”ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etdirir.

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi.

Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını “Şöhrət” ordeni ilə təltif edir.

Xalq yazıçısı 3 oktyabr 1996–cı ildə 82 yaşında vəfat edib.

0
22