“Kor gözləri ilə görsünlər ki, burdayıq, əkib-becəririk, toy eləyirik...” - CƏBHƏ KƏNDLƏRİNDƏN REPOR

“Kor gözləri ilə görsünlər ki, burdayıq, əkib-becəririk, toy eləyirik...” - CƏBHƏ KƏNDLƏRİNDƏN REPOR

Kənddədirlər. Düşmənin hədəfindədirlər. Amma ayaqdadırlar. Əsgərlərimizi demirəm, onlar bir qəhrəman! Elə onlardan geri qalmayan sakinləri deyirəm. Başlarına od yağır, mərmi tökülür, amma ev-eşiklərini qoyub getmirlər buralardan. Əkində-biçindədirlər, mal-qaralarını otarırlar, bir sözlə, həmişə necə, indi də elə...


...Bakıdan Ağdama 360 kilometr yoldur. Biz bu yolun 330 kilometrini gedə bilirik. Amma hələ ki. Quzanlıya qədər. Quzanlıdan o tərəfdə isə Üçoğlandır, Xındırıstandır, Əhmədağalılardır, Ballardır, Çəmənlidir. Bir neçə gündür ki, ayaqdadır, bu kəndlərin camaatı. Və həm də ayıq-sayıq…


"Çəkməyin ha, heç nə çəkməyin. Heç telefonla da danışmayın"

Bunu deyən Nəcəf kişidir. Ballardan. Deyir, ay oğul, o vaxt elədiyimiz səhvləri gərək indi buraxmayaq.

- Şükür Allaha, hərc-mərclik yoxdu indi. Əməlli ordumuz var. Şir kimi də döyüşürlər. Hər güllə səsinə, top səsinə də diksinmirik. Bilirik ki, əsgərimiz var qabaqda.

Təkcə Nəcəf kişi yox ha, elə hamısı əsgər deyib razılıq edir. Bir də uşaq kimi sevinirlər, cəbhədən gələn xırda, adidən də adi xəbərə. Və bu xəbərləri də bir-birilərinə elə təqdim edirlər ki, sanki qarşındakı hərbi strateqdir. Ermənilərin harada mövqe tutduqları, haradan atdıqlarını, top atılan yerin hava yoluyla, quru yoluyla hansı məsafədə yerləşdiyini belə az qala dəqiqliklə deyirlər. Düzdür, bəzən mübahisə də düşür. Məsələn, elə həmin Nəcəf kişiylə İsanın arasında olduğu kimi.

- Dünən Üçoğlana Şahbulaqdan atdılar.

- Yox, ay Nəcəf kişi, nə Şahbulaq. Şahbulaq odey bu yandadı. Deyəsən, yadından çıxıb. Uzundərə tərəfdən vururlar, çaylaqdan. Onların "pozisiyası" var orada, ordan da vururlar.

Qarşı tərəfin israrına baxmayaraq, deyəsən İsa mübahisəni udur. Çünki ətrafa yığılanlar da onu dəstəkləyir.

Hə, onu deyirdim axı, cəbhədən gələn hər xəbərə sevinən bu adamlar şəhid xəbərinə çox üzülürlər. Amma tez də toxtaqlıq da verirlər özlərinə. "Şəhidsiz müharibə olmaz" deyirlər. Nəsimi isə bir az da irəli gedir:

- Odeyy erməni analar yığılıblar Yerevanın mərkəzinə, səs-küy salıblar. Yapışıblar Sarkisyanın boğazından ki, niyə uşaqlarımızı qırğına aparsan?. Bizdə bilirsiz niyə belə şeylər olmur? Çünki biz haqqına döyüşürük. Torpağımızı qaytarırıq. Hamı da başa düşür ki, itkisiz olmayacaq.


...Aprelin 4-dən 5-ə keçən gecə Ağdamın Xındırıstan, Əhmədağalılar, Üçoğlan kəndlərini reaktiv artilleriyadan və toplardan atəşə tutmuşdu ermənilər.

Əhmədağalılarda müəllim Familə Əliyevanın evini dağıtmışdılar, 62 yaşlı Qaraş Dadaşov isə qəlpə yarasından ölmüşdü. Üçoğlan kəndinin sakini 16 yaşlı Pakizəni isə qəlpə yaralamışdı. Hazırda Ağdam şəhər xəstəxanasına yerləşdirilib.

Üçoğlanda Bəxtiyar İbrahimovun evi yanmışdı. Sabir Əliyevin evini isə mərmi qəlpələri yararsız vəziyyət salıb. Sakinlər deyir ki, ermənilərin etdiyi heç bir müharibə qanunlarına uyğun deyil.

- Çox alçaqdılar. Yaxşı ki məktəblər müvəqqəti bağlanıb. Yoxsa məktəbi də vurar bu şərəfsizlər. Kişisiz orduyla vuruşun, dinc camaatı niyə vurursuz? Orduyla üz-üzə gəlməyə qorxurlar axı!

Bunu İlham deyir. Onu da deyir ki, camaat çox sakitdir. Qorxu hissindən söhbət belə gedə bilməz.

- Nə qorxu? Srağagün 500 dənə kubik alıb gətirmişəm. Həyətdə tövlə tikəcəm.

Başqa bir kənd sakinini səsləyir:


- Çəmənlidən kim idi deyirlər, evinə dam vurdururdu bu atışmada?

Dediyinə özü də gülür.


- Vallah hə. Urusiyət uşağıdı. Gəlib görüb ki, ata-baba evi baxımsız qalıb, deyib, qoy bunun damını dəyişim. Hələ "naves" də tikib. Qonşular deyib sənin neylədiyindi, vurub dağıdar ermənilər. Qayıdıb ki, qələt edir. Tikəcəm. Tikib də. Özü də kənddədi. Deyir, müharibənin başlamasını gözləyirəm.

...Heç yerə köçməyiblər. Bircə nəfərinə qədər kənddədilər. Ağdamda olduğumuz sərhədyanı kəndlərin hamısında işıqlar yanır. Hələ qazları da gəlir.


Kəndi gəzə-gəzə bir həyətə gəlib çıxırıq. Ev yiyəsini səsləyirik. Deyəsən heç kim yoxdu. Amma az keçmiş qapıda bir maşın dayanır. İçində də bir ağbirçək.

- Hər kimsizsə, xoş gəlmisiz. Gəlin içəri yaxşı bir çay dəmləyim.

Solmaz Həsənova deyir bunları və israrla da içəri dəvət edir. Razılıq edirik. Yenə həmin söhbət.

- Yox, ay bala, hara gedirəm?! Oğlum bacanağını göndərib ki, mamamı gətir Bakıya. Dedim, heç hara gedəsi deyiləm. Nə olub, şükür Allaha. Hər şey yaxşıdı. Hələ oğluma bir az pay da qoydum ki, məndən, atandan narahat olmayın. Özünüzə baxın.

***

- Düzdür, deyirlər gecələr işıqları söndürün, vurarlar. Amma nə söndürmək, hamı oturub televizorun qabağında. Cavanlar internetdə, qocaların da gözü ekranda. Atırlar, cəhənnəmə atsınlar.

Bunu isə Habil deyir.

Qəfil nədənsə bu sual keçir beynimdən:


- Bax, bütün günü yığışırsız çayxanaya, kanalın üstünə. Bax, bir elə sən ay Nəcəf kişi. Səhər yuxudan durub neyləyirsən?

- Neyləyəcəm başın dönüm. Səhər yeməyimi yeyib başlayıram işə-gücə. Yonca əkmişəm, soğanım var bir az. Onları sulayıram. Mal-qaranı otarıram. Belə gün bitir də. Arada gəlib bu cavanlarla da baş qatıram. Nə bilim, arada imkan tapıb atışmaya da baxıram. (Gülür)


Nəcəf kişinin dediklərində haradasa həqiqət var. Müharibə buralarda o qədər adiləşib ki, hətta zarafatlarından da qalmırlar. Deyirlər, ermənilər atan kimi hamımız tökülürük həyətə.


- Alçaqlar hara gəldi, necə gəldi atırlar deyə, evdə oturmuruq. Həyətdəcə göyə baxırıq, görək mərmi hara düşəcək. Bəxtiyargildə buna görə ölüm-itim olmadı da. Çıxıblarmış həyətə. Qəfil mərmi gəlib düşüb düz evin ortasına. Nə imiş atdıqları, Allah bilir. Evi dağıtmayıb ee təkcə, başına dönüm, büsbütün də yandırıb. Ordan adam çıxmazdı salamat.


Həmin ev sözün həqiqi mənasında külə dönüb. Ev təkcə uçmayıb, dağılmayıb. Evdəki vanna, vedrə, dəmir çaydan, çarpayı, hətta Bəxtiyarın maşınını ehtiyat hissəsi belə mum kimi əriyib.

- Nə silahdı bilmirik, amma qəlpəsi az idi. Bax, o evin yanına mərmi düşüb. Görürsən bu çalanı? Nə boyda yeri yarıb. Gör nə qədər güclü olub ki, o biri evin damını da deşik-deşik edib, Tut ağacının budaqlarını dəryaz kimi kəsib. Amma bu evə nəsə başqa şey atıblar ee. Hər yeri yandırıb əridib. Biz güllə altında böyümüşük uşaqlıqdan. Onlar hansı silahdan atırlar bilirik. Amma dünən (srağagün – S.M.) elə bir od saçırdı atdıqları.

Qonşudakı evlər də ziyan çəkib. Kiminin hasarı dağılıb, kimini evinin damı. Kiminin də mal-qarasını öldürüb erməni mərmiləri.

- Neçə gündür bu odun-alovun içindəyik, heç kimi qorxan görmədik. Bilirsinizmi niyə? Ordu var bilirik qabaqda. Düşmən də elə bilir ki, bunlar atacaq, biz qaçacağıq. Əsgər də ruhdan düşəcək. Amma kor gözləri ilə də görürlər ki, kəndəyik, əkirik, becəririk, işləyirik. Toy edirik, nişan aparırıq...

Mənbə:
0
28