İlham Əliyev BP-nin Direktorlar Şurası sədrini qəbul edib

İlham Əliyev BP-nin Direktorlar Şurası sədrini qəbul edib

Dövlət başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev mayın 24-də BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və BP Qrupun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Oxu.Az-ın məlumatına görə, BP-nin Direktorlar Şurasının Azərbaycanda toplanmasından məmnunluğunu ifadə edən dövlət başçısı bunun rəmzi məna daşıdığınıvurğulayıb.

Prezident 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini deyib, ötən dövr ərzində BP-Azərbaycan əməkdaşlığının inkişaf dinamikasını xatırladaraq, bu illəri ölkəmizin iqtisadi inkişaf dövrü kimi xarakterizə edib.

Azərbaycanın müasir, inkişaf etməkdə olan ölkəyə çevrilməsindən qürur duyduğunu bildirən prezident İlham Əliyev əldə olunan bütün bu nailiyyətlərin enerji sektoruna yatırılan böyük həcmli sərmayələr sayəsində mümkün olduğunu deyib.

O vaxtdan başlayaraq Azərbaycanda hasilat, kəşfiyyat, nəqletmə və digər sahələrdə çox mühüm layihələrin icra olunduğunu vurğulayan dövlət başçısı ölkəmizin hazırda təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsini həyata keçirmək ərəfəsində olduğunu da bildirib. Enerji təhlükəsizliyi və şaxələndirmə baxımından “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini vurğulayan prezident İlham Əliyev bu layihənin bir çox ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcəyini deyib.

Azərbaycanla əməkdaşlığa sadiq qaldığına görə BP şirkətinə təşəkkürünü bildirən dövlət başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd edib. Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında əməkdaşlığın artıq 22 ildir ki, davam etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın gələcək illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Azərbaycanın “Eurovision”, Avropa Oyunları və “Formula-1” kimi möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etməsinin önəmini vurğulayan Karl-Henrik Svanberq bildirib ki, ölkəmizdə əldə olunan bütün bu nailiyyətlərin əsası Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” kimi tarixə düşən kontraktın imzalanması ilə qoyulub.

Azərbaycanla tərəfdaşlıqdan məmnunluğunu ifadə edən BP-nin Direktorlar Şurasının sədri tərəfdaşlığımızın ötən dövr ərzində çox güclü olduğunu dedi və regionun inkişafı ilə bağlı layihələrdə iştirak etmələrindən qürur duyduqlarını vurğulayıb.

“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirib.

0
16