Lənkərandakı hamilə gəlinin cinayətinin – TƏFƏRRÜATLARI

Lənkərandakı hamilə gəlinin cinayətinin – TƏFƏRRÜATLARI

“Həyat yoldaşımı sevdiyimdən bu addımı atdım”.

Xəbər verdiyimiz kimi, Lənkəranda bir neçə gün əvvəl evlərindən oğurluq edildiyi deyilən hamilə gəlin itkin düşüb.

Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, 19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb. 

Polisə gənc xanımın itkin düşməsi barədə məlumat mayın 21-də daxil olub. Əsas narahatlığa səbəb isə itkin düşən qadının hamilə olması, ona qarşı may ayının 8-də quldurluq hadisəsinin törədilməsi və başlanan istintaqın yekunlaşmamasıdır.

Qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb.

Əməliyyat tədbirləri zamanı məlum olub ki, itkin qadın mayın 20-də Bakı-Astara qatarına bilet alaraq paytaxta gedib. İtkin sayıldığı müddətdə də ardıcıl olaraq həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib.

Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib. 

Mesajların izi ilə gedən Lənkəran polisi itkin gəlini Bakıda yaxalayıb və hadisələrin düyünü də buradan açılmağa başlayıb.

Məlum olub ki, bu hadisələrin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də hamilə qadına heç də dediyi kimi özünü "Azərsu" əməkdaşları kimi təqdim edən naməlum şəxslər hücum etməyib.

Qadın evdəki qızıl-zinət əşyalarını yığışdırandan sonra özü-özünə küt alətlə xəsarətlər yetirib, əl qolunu və ayaqlarını da “skoç”la bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə zərər vurub.

Lənkəranın hüquq-mühafizə orqanları yoldaşının xalasına məxsus evdə kirayənişin kimi qalan Ülviyyə Ağayevanın bütün törətdiklərini - qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini araşdırır.

“Həyat yoldaşımı sevdiyimdən bu addımı atdım”

Lənkəranı dəhşətə gətirən hadisənin “qəhrəmanı” Ülviyyə Ağayeva açıqlama verib. O, günahını etiraf edərək, Bakıda işləyən həyat yoldaşına qovuşmaq üçün bu addımı atdığını bildirib. 

“Hər şeyin günahkarı mənəm. Evdə həyat yoldaşım Kamran üçün darıxırdım. Evimizə “Azərsu”nun işçilərinin gəlməsi, əllərimin bağlanması, oğurlanmam və 80 min manat pul məsələsi – hamısını mən uydurmuşam.

Bilmək istəyirdim ki, həyat yoldaşım məni sevir, yoxsa sevmir? Qaynanamla, ərimlə aramızda heç bir problem olmayıb. Mən Kamranı sevirəm. Onunla öz istəyimlə ailə həyatı qurmuşam. 

Onlar heç vaxt məni incitməyiblər. Yoldaşım Bakıya işləyib, yaşayır. Onun üçün darıxırdım. Birdən belə fikir ağlıma gəldi, elədim.

Peşmanam. Hadisədən sonra Kamranla telefonda danışdım. Ona peşman olduğumu dedim. Polislərdən xahiş edirəm ki, Kamranı, qaynanamı incitməsinlər. Onların heç bir günahı yoxdur. Mən onları çox istəyirəm”.

Ülviyyə Ağayevanın Lənkəran şəhərində müvəqqəti yaşadığı evin sahibi Zəminə Qurbanova hadisə ilə bağlı təəssüratlarını bölüşüb. 

“Ülviyyənin qayınanası mənim baldızımdır. Onlar Lənkərandakı evlərini kirayə verib, başqa kənddə yaşayırdılar.

Mehkamə məndən xahiş etdi ki, evimi bir neçə günlük onlara verim, qaynana-gəlin birlikdə qalsınlar. Biz Bakıda yaşadığımız üçün Lənkərandakı evin açarını onlara verdik. 

Onlar bir neçə gün bizim evdə qaldılar. Sonra bizə zəng etdilər ki, evə oğru girib, Ülviyyəyə təzyiq ediblər. Araşdırandan sonra məlum oldu ki, oğurluq söhbəti yalandır. Belə bir hadisə olmayıb”. 

Ü.Ağayevanın qaynanası Mehkamə Qubanova məlum hadisəyə görə gəlinini günahlandırıb.

“Gəlinim bizə şok yaşatdı. Bizi bütün ölkədə biabır etdi. Oğurluq söhbəti olanda, heç vaxt gözləməzdim ki, bunları Ülviyyə edib. Amma arada bir yalan danışdığını hiss edirdim. Deyirdim gəlindi, yəqin nəsə olub ki, belə danışır.

Ülviyyəyə həmişə deyirdim ki, qızım ən böyük biclik düzlükdür, yalan danışmaq olmaz. O, heç vaxt etdiyi hərəkət boynuna almırdı. 6 aylıq hamilə idi. 450 manat onun doğum xərci üçün pul toplaşmışdıq. Oğlum Kamran məcburiyyətdən Bakıda işləyir. 

Ülviyyə müstəntiqə etiraf edib ki, guya Kamrandan ayrı qala bilmədiyindən bu hadisəni törədib. Normal insan belə iş görməz. O, xəstədir. Kamran maşın ustası işləyir. Ülviyyə ona zəng edib, qışqıraraq deyib ki, kömək elə, məni girov götürüblər. Oğlumun həmin vaxt ürəyi gedib. 

Daha sonra Kamrana mesajlar gəlib ki, əgər arvadını görmək istəyirsənsə, gəl çay qırağına. Ülviyyə kiminsə adı ilə ərinə mesajlar yazıb ki, 80 min manat pul verməsən arvadını öldürəcəyəm”.

Lənkəran şəhər Polis İdarəsindən bildirilib ki, Ülviyyə Ağayeva barəsində açılan cinayət işində əks olunan quldurluq maddəsi öz təsdiqini tapmayıb.

“Həmin xanım bütün hadisələri özü uydurub. Səbəb kimi həyat yoldaşından ayrı yaşaması göstərilib. Biz istintaq espermenti keçirdik.

Onun əllərini və ayaqlarını necə bağlaması bizdə sual yaradırdı. Yapışqan lenti ona verərək, yenidən əllərini və ayaqlarını bağlamasını istədik. 

“Həmin xanım əllərini elə bağladı ki, biz məttəl qaldıq”-deyə müstəntiq vurğulayıb.

Ü.Ağayevanın valideynləri qızlarının uşaqlıqdan psixoloji probleminin olduğunu deyiblər.

“Ülviyyənin 15-17 yaşlarında psixoloji problemləri olub. Gecələr ağlayır, sayıqlayırdı. Qızım bir dəfə yuxudan oyanıb deyib ki, Ağcabədi rayonunda bir məsciddə onu gözləyirlər, guya onu ilan yeyib və s. 

Onun psixoloji problemləri var idi. Hamiləlik dövründə bu daha çox özünü büruzə verir”-deyə Ü.Ağayevanın valideynləri bildirib.

0
20