ABŞ rəsmisindən daha bir etiraf - kürd silahlı qruplaşmaları ilə işbirliyindəyik

ABŞ rəsmisindən daha bir etiraf - kürd silahlı qruplaşmaları ilə işbirliyindəyik

"İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizədə Suriyada kürdlərin silahlı qruplaşmasını təmsil edən YPG və digərləri ilə işbirliyimiz hələ də davam edir".

Bu etirafı ABŞ Xarici İşlər Nazirliyinin rəsmi şəxsi Mark Toner edib. O, paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında Suriya ilə bağlı jurnalistlərin suallarına cavab verərkən söyləyib ki, İŞİD ilə mübarizədə YPG-yə çox güvənirlər.

Toner, eyni zamanda İraqda İŞİD ilə mübarizədə  peşmergələrin də xüsusi qabiliyyətli olduqlarını qeyd edib.

Jurnalistlərin növbəti sualı belə olub:  - Vətəndaşlarının əksəriyyətini ərəb əsilli suriyalılar təşkil etdiyi halda, İŞİD-lə mübarizədə kürdlərə nə qədər güvənirsiniz?

Toner isə suala aşağıdakı kimi cavab verib:

"Şimali Suriyada bir çox qruplarla çalışdıq. Bunlar arasında İŞİD-i ələ keçirdiyi ərazilərdən çıxarmağı bacaran YPG və digər Kürd silahlı qrupları var. Və bu işbirliyi davam edir. Bundan başqa, İŞİD-ə qarşı mübarizə aparan suriyalı ərəblərə və türkmənlərə də yardım edirik".

Jurnalistlər rəsmi şəxsdən onu da soruşublar ki, onların kürdlərlə işbirliyi bölgədəki ən böyük müttəfiqləri olan Türkiyəni özlərindən uzaqlaşdırmayacaqmı?

Toner isə bildirib ki, Türkiyə ilə yaxın dialoq halındadırlar: "Onların Suriyanın Şimalındakı Kürd gücləri ilə bağlı qayğılarını anlayırıq. Biz bu barədə kürd qruplaşmaları ilə də danışdıq. Qeyd etdik ki, tutduqları əraziləri mənimsəməsinlər. Yəni hansı qanuni idarəetmə varsa ərazilər ora tabe olmalıdır. Evlərindən qovulan insanlar, türklər belə  geri qayıda bilməlidirlər".

0
21