Türkiyə Avropa İttifaqı ilə bütün razılaşmaları pozmaqla hədələdi

Türkiyə Avropa İttifaqı ilə bütün razılaşmaları pozmaqla hədələdi

Ankara ikili standartlardan imtina etməyə çağırır.

Türkiyə, Brüsselin Ankara ilə ikili standartlar siyasətini davam etdirdiyi təqdirdə,  Avropa İttifaqı ilə Gömrük ittifaqına dair razılaşma da daxil olmaqla, bütün razılaşmaları dayandırmaqla hədələdi. 

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin müşaviri Yigit Bulut “TRT Haber” telekanalının efirində bəyan edib.

Qeyd edək ki, Türkiyə və Aİ bir sıra məsələlər üzrə danışıqlar aparır, bu məsələlər sırasında daha ciddi olan Gömrük ittifaqı və mühacirlər üzrə sazişdir.  

Türkiyə - Avropa İttifaqına üzv olmayan, amma 1996-cı ildən Aİ ilə Gömrük ittifaqında olan yeganə ölkədir.

Son zamanlar Ankara Aİ ilə bu ittifaqın şərtlərinə yenidən baxılmasına can atır. 2015-ci ilin sonunda Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri NTV-yə verdiyi müsahibədə, 2016-cı ildə Brüssel ilə danışıqlara başlamağı planlaşdırdığını bildirmişdi. Bu danışıqların gedişatında Türkiyənin Aİ-nin Gömrük ittifaqında iştirakı şərtərinə yenidən baxıla bilərdi.

Ankara və Brüssel arasında müzakirə edilən daha bir məsələ - viza məsələsidir. Martın 18-də Türkiyə-Aİ sammitində  Avropada Türkiyə vətəndaşları üçün iyulun 1-dən etibarən viza rejiminin ləğv edilməsinə dair razılıq əldə edilib. Mayın 11-də məlum oldu ki, Avropa Parlamenti Türkiyəyə qarşı viza rejiminin ləğv edilməsi üzərində işi, Ankaranın Aİ-nin tələblərini yerinə yetirənə qədər dayandırıb.

Bu gün Aİ və Tükiyə arasında ən kəskin məsələ - mühacirlər məsələsidir. Martın 18-də tərəflər, Şərqi Aralıq dənizi marşrutu ilə qanunsuz Yunanıstana keçmiş mühacirlərin yenidən Türkiyəyə qayıtmaları və bunun müqabilində Türkiyənin Brüsseldən 3 milyard avro maliyyə dəstəyi alacağına dair razılığa gəliblər.

EUobserver-in məlumatına görə, tərəflər mühacirlərin geri qaytarılmasını ümumi çərçivələrdə razılaşdırıblar, amma ən dörd məsələ: sazişin hüquqi statusu, onun qüvvəyə minməsi, əlavə 3 milyard avronun ayrılması və ölkəni Aİ-yə daxil olmasına dair danışıqların bərpası üzrə razılığa gələ bilməyiblər. Bu danışıqlar Fransanın təşəbbüsü ilə hələ 2007-ci ildə dayandırılıb.

Apreldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Brüsselin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, Aİ-ni mühacirlərlə sazişdən imtina ilə təhdid edib.

0
17