Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir – FOTO + VİDEO

Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir – FOTO + VİDEO

Hal-hazırda yolun 1-4 km-lik hissəsində torpaq yatağı tikilir.

“Azəravtoyol” ASC tərəfindən Şabran rayonun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir.

Oxu.Az-a daxil olan məlumata görə, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.

Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-Qalaaltı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 km-də mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü, və 11,2 km-də Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağıdır.

Bundan başqa 2 ədəd 4 x 2.5 m və 2 x 2 m-lik düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 ədəd d-1.25m dairəvi dəmir-beton suötürücü boruların tikintisi də nəzərdə tutulub.

Hal-hazırda yolun 1-4 km-lik hissəsində torpaq yatağı tikilir. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərində yol ötürücüsündə tikinti işləri 70-75 faiz icra olunaraq yeunlaşdırılıb. Yolun 6,9-cu km-də yerləşən mövcud Şimal İxrac Neft Boru kəməri üzərindəki yol ötürücüsündə isə svayların beton işləri görülür.

Qeyd edək ki, sözügedən yolun salınması həmin ərazidə turizmin və kənd təsərrüfatının inkişafına, yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

0
31