Dövlət Sərhəd Xidmətinin səlahiyyətləri artırılıb

Dövlət Sərhəd Xidmətinin səlahiyyətləri artırılıb

İlham Əliyev fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”sində dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, sənədə əsasən, DSX-nin səlahiyyətlərindən biri azaldılıb, bundan başqa, quruma əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı yeni səlahiyyətlər verilib.

İndiyədək Dövlət Sərhəd Xidməti şəxslərin və nəqliyyat vasitələrinin Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal miqrantların yerdəyişməsinin qarşısının alınması üzrə tədbirlər görürdü.

DSX bundan sonra isə nəqliyyat vasitələrinin deyil, yalnız şəxslərin Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasına nəzarət edəcək.

DSX “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsini təmin edəcək.

Dövlət Sərhəd Xidməti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan dövlət sərhədlərindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısının alınmasını təmin edəcək

DSX əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük və digər aidiyyəti orqanlarla birlikdə (Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və digər aidiyyəti orqanların iştirakını təmin etmək mümkün olmadığı hallarda isə milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə - müstəqil surətdə) açdırılmasını təmin etmək səlahiyyətinə malikdir.

0
27