Azərbaycan karateçiləri Ukraynadan medallarla qayıtdılar

Azərbaycan karateçiləri Ukraynadan medallarla qayıtdılar
May ayında Ukraynada keçirilən 8-ci dünya kubokunda Azərbaycan idmançıları vətənə medallarla qayıdıb.

APA TV-nin xəbərinə görə, Odessada keçirilən yarışda Azərbaycanı 60 idmançı təmsil edib.

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Nurəddin Quliyevin sözlərinə görə, Dünya Kubokunda 6 yaşdan 50 yaşa qədər idmançılarla təmsil olunublar: "Yeniyetmə, gənclər, böyüklər və qızlar, qadınlar və kişilər iştirak edirdi. 21 ölkə iştirak edirdi dünya kubokunda. Bir şeyi də nəzərinizə çatdırım ki, Dünya Karate-Do Federasiyasının prezidenti, vitse-prezidenti və Ukraynanın gənclər və idman naziri yarışda iştirak edirdi. İdmançılarımız həm kumite, həm şəxsi, həm komanda yarışlarında öz sözlərini dedilər - 1, 2 və 3-cü yer. Komanda yarışında döyüşlərdə Şobu-Sanbon qaydası üzrə Azərbaycan idmançıları 1-ci oldu. İriqumucu qaydasında Azərbaycan idmançıları birinci oldu və şəxsi döyüşlərdə idmançılarımız 1, 2, 3-cü yerləri təmsil etdilər".

Gərgin keçən yarışlarda Azərbaycan idmançıları medal hesabında ikinci yerə layiq görülüblər: "Gələn il iyunun 23-27-də İtalyanın Rimini şəhərində yeniyetmə böyüklərin və yaşlıların dünya çempionatı keçiriləcək. O da şotokan üslubunda olacaq. Bununla yanaşı, Gürcüstan Respublikasının Batumi şəhərində İriqumucu qaydaları üzrə Avropa Çempionatı keçiriləcək. İtaliyaya və Gürcüstana gedəcək idmançılar artıq ayrılıb. Yəqin ki, hər iki yarışda ölkəmizi layiqli təmsil edəcəyik və Azərbaycanın bayrağını ucaldacağıq".

7 qat dünya çempionu Nurlan Quliyev: "Biz şotokan idman növü ilə məşğuluq. Gələn ay İtalyanın Rimini şəhərində 8-ci dünya çempionatı keçiriləcək. Komanda olaraq 7 idmançı ilə iştirak edəcəyik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk".

İdman ustası, dünya çempionu Elşad Musayev: "Axırıncı yarışımız may ayında keçirildi. Orda da keçən ilki kimi ikinci dəfə dünya çempionu oldum veteranlar arasında. Azərbaycanın regionlarından da iştirak edirdilər. Medallarımız çox idi. 20-yə yaxın qızıl medalla geri döndük. Rəqiblər çox idi. İyun ayında yola çıxırıq. Batumidə Avropa Çempionatına gedirik. Heyətimiz çoxdur 30 nəfərlə gedəcəyik".

Dünya çempionu Ənvər Əhmədov: "Dünya Kuboku yarışında çempion oldum. Vətənə medalla qayıtdım. İlk döyüşüm Gürcüstan idmançısı ilə oldu. Təmiz qələbə ilə qalib gəldim ona. İkinci döyüşüm belarusiyalı idmançı ilə oldu. Üçüncü döyüşüm rus, dördüncü döyüşüm Ukrayna idmançısı idi. Onunla güclü döyüşümüz keçdi. 3 raund döyüşdən sonra təmiz qələbə ilə Ukrayna döyüşçüsünə qalib gələrək, Dünya Kuboku yarışının çempionu oldum. Birinci yerə layiq görüldüm. Batumidə keçirilən yarışa hazırlaşırıq. Orda da yəqin ki, Azərbaycanın bayrağını qaldırarıq".

0
27