Türkiyə-Rusiya “müharibəsi”: Moskva Ankaranın son mesajlarını oxuya biləcəkmi?

Türkiyə-Rusiya “müharibəsi”: Moskva Ankaranın son mesajlarını oxuya biləcəkmi?

Alparslan Çelik. Rəsmi olaraq Suriya Türkmən Ordusunun tabeliyində olan 2-ci Sahil Tümən komandanının müavinidir. Amma onu məşhurlaşdıran bu vəzifə deyil. Alparslan Çelik adı Türkiyə-Rusiya münasibətlərinin barometrinə çevrilib. Rusiya onu Türkiyənin hava məkanında vurulan “Su-24” təyyarəsinin pilotlarından birinin qatili hesab edir. Türkiyə isə bu iddianın bir detal olduğunu bildirir və hesab edir ki, Rusiya Alparslan Çelik ismini önə çıxarmaqla təyyarə insidentinin gerçək mahiyyətindən yayınır. Belədir, ya belə deyil, amma Alparslan Çelik faktoru yenidən Rusiya-Türkiyə münasibətlərində gərginliyin artmasına səbəb olub. Çelik İzmirdə həbs edildikdən sonra Rusiya onun təhvil veriləcəyini gözləyirdi. Lakin məhkəmə Çeliki azadlığa buraxdı və bundan sonra Türkiyə üzərinə sanksiya yağışı başladı. Bu gün Rusiya botanika elminə məlum olan az qala bütün meyvə-tərəvəzlərin Türkiyədən idxalına qadağa qoyub. Üstəlik iki ölkə arasında iqtisadi əlaqələrin bütün sahələrində əməkdaşlıq sıfır səviyyəyə enib. Bu prosesdən isə hər iki ölkə əziyyət çəkir...

Qonaq: Araz Aslanlı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Aparıcı: Vüqar Hüseynov, politoloq

Proqramdan əsas tezislər:

Qərb Türkiyə-Rusiya yaxınlaşmasına, Rusiya isə Qərb-Türkiyə yaxınlaşmasına qarşı Ermənistan kartından istifadə edə bilər...

Rusiyanın Türkiyəyə qarşı Ermənistan kartından aktiv istifadə etməməsində Azərbaycan faktorunun rolu olub...

Türkiyə əvvəlki dövrlərdən fərqli olaraq statik deyil, çoxkombinasiyalı xarici siyasət yürüdür. Məhz bu səbəbdən Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda gözlənilən Türkiyə-İsrail yaxınlaşması baş vermədi...

NATO-nun nəzərində Türkiyənin əhəmiyyəti artıb, yoxsa azalıb? Hazırda bununla bağlı fərqli mülahizələr var. “Soyuq müharibə” bitdikdən sonra hesab edirdilər ki, Türkiyənin əhəmiyyəti artıq azalıb, amma indiki dövrdə bunun əksini düşünənlər daha çoxdur...

Tarixən Türkiyənin Qərblə münasibətlərinin soyuması dönəmində Ankara ilə Moskvanın münasibətləri ən yüksək səviyyəyə çatıb. Yaxud Rusiya ilə münasibətlərin korlanması dönəmində Türkiyə-Qərb münasibətləri möhkəmlənib. İlk dəfədir ki, Türkiyənin Qərblə münasibətlərinin soyuqlaşması Ankara-Moskva münasibətlərinin pozulması ilə müşayiət olunur...

Davudoğlunun baş nazir postundan getməsi Türkiyənin Yaxın Şərq, özəlliklə Suriya məsələsində siyasətinin nisbətən dəyişməsinə səbəb ola bilər...

Davudoğlu Türkiyə-Rusiya münasibətlərinin pozulmasının günahkarı kimi təqdim olunaraq qurbanlıq seçilə bilər, amma bu, iki ölkə arasında problemlərin həllinə gətirib çıxarmayacaq. Çünki münasibətlərin normallaşması üçün hər iki tərəfdən istək lazımdır...

Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyü məsələsində israrı, Ukrayna ilə hərbi əməkdaşlığı ən yüksək həddə çıxarması Rusiyaya verilən mesajdır. Bu mesaj “mənim əlimdə zamanında sizə qarşı istifadə edə biləcəyim təzyiq vasitələri olub, amma yadınıza salın ki, mən bu vasitələrdən istifadə etməmişəm” şəklində oxunmalıdır...

Yaxın zamanlarda Türkiyənin Rusiyadan o qədər də ciddi asılılığı olmayan Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıqda bəzi ciddi həmlələrinin olacağı istisna deyil...

0
43