Əfqanıstanda həlak olan həmyerlilərimizin cəsədləri Bakıya gətirildi

Əfqanıstanda həlak olan həmyerlilərimizin cəsədləri Bakıya gətirildi

Qəzaya uğrayan təyyarə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü.

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildiriblər.

Məlumata görə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

“Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq”, - deyə, Mülki Aviasiya Adminstrasiyasından bildiriblər.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

0
12