Prezident Beynəlxalq Valyuta Fondunun nümayəndəsini qəbul edib

Prezident Beynəlxalq Valyuta Fondunun nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev mayın 20-də Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Prezident Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğunu deyib. Əməkdaşlığın müxtəlif formatları əhatə etdiyini bildirən dövlət başçısı hazırda bu əməkdaşlığın yeni mərhələdə olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişafla bağlı Beynəlxalq Valyuta Fondunun ölkəmizə verdiyi dəstəyi və tövsiyələrini yüksək dəyərləndirib. Dövlət başçısı Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi missiyanın fəaliyyətinin ölkəmiz ilə bu qurum arasında əlaqələrin gücləndirilməsi və lazımi islahatların davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev qeyd edib ki, dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, əlbəttə, gəlirlərimizin azalmasına səbəb olub. Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib.

Dövlət başçısı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Məhəmməd əl-Qorçi Azərbaycan hökuməti tərəfindən dünyada iqtisadi böhranın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib. Məhəmməd əl-Qorçi manatın devalvasiyası və digər tədbirlərin ölkəmizdə milli istehsalın qorunması, habelə qeyri-neft sektorunda istehsal olunan məhsulların xaricə ixrac edilməsi işinin təşviqinə töhfə verdiyini vurğulayıb və bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən atılan addımları cəsarətli və uğurlu addımlar kimi qiymətləndirib.

Missiya rəhbəri hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Beynəlxalq Valyuta Fondunun Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsi aparılmasına, ölkəmizə texniki yardım göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib.

0
8