Ərdoğan Aİ-nin viza rejimini sadələşdirmədiyinə görə kədələnməyəcək

Ərdoğan Aİ-nin viza rejimini sadələşdirmədiyinə görə kədələnməyəcək

“Avropa riyakarlıq edir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirmədiyi təqdirdə, kədərlənməyəcəyini bəyan edib.

Oxu.Az bu barədə Türkiyənin ATV kanalına istinadən xəbər verir.  

“Aİ-nin gec və ya tez Türkiyə ilə viza rejimini sadələşdirəcəyinə inanıram. Amma əgər bu baş verməzsə, mən şəxsən Türkiyə prezidenti kimi kədərlənməyəcəm.

Təəssüf ki, hazırda Avropa riyakarlıq edir, bir tərəfdən bir sıra Latın Amerikası ölkələri üçün viza rejimini sadələşdirir, digər tərəfdən isə Aİ-yə üzvlük haqqında danışıqlar apardığı Türkiyənin vətəndaşları üçün viza rejimini saxlayır”, - Ərdoğan ATV kanalında çıxış edərkən bildirib.

O, Türkiyənin 1963-cü ildən Aİ-yə üzv olmaq haqqında danışıqları davam etdirdiyini xatırladıb.
“Mən uzun illər Aİ liderlərinin sammitlərində iştirak etmişəm. O zamanlar Aİ-yə üzv ölkələrin sayı 15 idi, daha sonra bu say 28-ə çatdı. Təəssüf ki, Aİ atmalı olduğu addımları atmadı”, - türk lideri bəyan edib.

Onun sözlərinə görə, Aİ müsəlmanların yaşadığı ölkələrə fərqli yanaşır.

“Hazırda Almaniyada 3 milyon müsəlman yaşayır, ümumilikdə Avropada yaşayan müsəlmanların sayı isə 15-20 milyona çatır. Bu həm Türkiyədən, həm də Afrika ölkələrindən gələnlərdir. Ona görə də, Türkiyəyə belə münasibət narazılığa gətirib çıxarır. Onlar viza rejiminin sadələşdirilməsini Suriya məsələsində əsas kart kimi istifadə etmək istəyirlər”, - Ərdoğan bəyan edib.

Mayın 18-də Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Avropa İttifaqının Ankara ilə viza rejiminin ləğv edilməsi üçün Türkiyənin terror əleyhinə qanunvericiliyində dəyişikliklərin edilməsinə dair tələbinin qəbul edilməyəcəyini bəyan edib.

0
16