"Təbii ki, bu, bizim üçün yetərli deyil..." -Ərdoğan

"Təbii ki, bu, bizim üçün yetərli deyil..." -Ərdoğan

Türkiyə Azərbaycanla həyata keçirdiyi layihələri uğurla davam etdirəcək.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalının canlı efirində azərbaycanlı tələbənin sualına cavab verərkən deyib.

TANAP layihəsinə toxunan ölkə başçısı qeyd edib ki, bu kəmər vasitəsilə nəql olunacaq qaz Türkiyənin tələbatının böyük hissəsinin ödənilməsinə xidmət edəcək: "Hazırda biz 6-7 milyard kubmetr qaz alırıq. Təbii ki, bu, bizim üçün yetərli deyil və bizə daha böyük həcmdə qaz lazımdır. Biz bu həcmi 20-30 milyard kubmetrə çatdırmalıyıq. Digər tərəfdən Avropanın öz tələbləri var. Yəqin ki, bu məsələdən xəbəriniz var. Avropa İttifaqı bu məsələ ilə bağlı təklifini verdi, lakin lazım olan addımı atmadı. Biz TANAP layihəsi üzrə işləri sürətləndirmişik. İnşaat işləri sürətlə aparılır. Layihənin reallaşması ilə biz qaza olan ehtiyacımızı tam ödəyəcəyik. Bununla yanaşı, Avropaya da qaz nəql olunacaq".

Bakı-Tbilisi-Qars layihəsinin icrasına toxunan Ərdoğan qeyd edib ki, bu ilin sonunda dəmir yolu istismara veriləcək. "Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı daha da genişləndirəcək".

TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.

Qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP "Şahdəniz-2" çərçivəsində hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.

TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.

0
26