Təyyarənin qalıqlarının tapılması bəyanatı yalan çıxdı

Təyyarənin qalıqlarının tapılması bəyanatı yalan çıxdı

“EgyptAir” aviaşirkətinin vitse-prezidenti Əhməd Adel Aralıq dənizi üzərində itkin düşmüş təyyarənin qalıqlarının aşkarlanması barədə özünün bir qədər əvvəl səsləndirdiyi  bəyanatı təkzib edib. APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, Əhməd Adel bundan əvvəl itkin düşən təyyarənin qalıqlarının Aralıq dənizindəki Yunanıstanın Karpatos adası yaxınlığında tapıldığını bildirib.

“Qalıqlar hesab edilən obyektlərin bizim təyyarəyə məxsus olmadığı müəyyən edilib. Biz etiraf edirik ki, qalıqların aşkarlanması barədə bəyanat yanlış verilib”, - deyə “EgyptAir” aviaşirkətinin vitse-prezidenti telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, axtarış əməliyyatı səhər saatlarınadək davam etdiriləcək.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur.

0
20