AŞPA prezidenti: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

AŞPA prezidenti: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

“Mən mövqeyimin ədalətli olmasına əminəm”.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Pedro Aqramuntun Avropa Şurası Parlament Assambleyasının sədri kimi Azərbaycana ilk səfərini məmnuniyyətlə xatırladan Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyinə görə ona təşəkkürünü bildirib, ölkəmizin nümayəndə heyətinin bu beynəlxalq qurumda fəal təmsil olunduğunu vurğulayıb.

“Azərbaycanın Avropa Şurasında fəaliyyətinin başlıca istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasıdır. Çox təəssüf ki, bu problemlə bağlı məsələlər araşdırılarkən münaqişə tərəflərinə bərabər münasibət sərgilənirdi və bu cür münasibətin nəticəsi olaraq aprelin əvvəlində Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təxribat törətdi. 

Qoşunların təmas xəttində gedən döyüşlərin genişmiqyaslı müharibəyə keçmək ehtimalı var idi. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olan Azərbaycan birtərəfli atəşkəs elan etdi”, - deyə Oqtay Əsədov bildirib.

Hazırda danışıqlar prosesinin bərpa olunduğunu vurğulayan Milli Məclisin sədri Vyana görüşü barədə məlumat verərək deyib: 

“Siz düzgün söyləmisiniz ki, bu münaqişə BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Biz bu sözləri AŞPA-nın ədalətli mövqeyi kimi qəbul edirik. Bütün beynəlxalq təşkilatlar artıq anlayıblar ki, status-kvo uzun müddət davam edə bilməz, münaqişə tezliklə həll olunmasa, yeni təxribatlara gətirib çıxaracaq”.

“AŞPA-nın və şəxsən mənim mövqeyim belədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. 

Bu mövqeyimə görə Ermənistan tərəfi və hətta bəzi parlamentarilər məni kəskin tənqid etmiş, haqqımda xoş olmayan fikirlər söyləmişdilər. Lakin bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən mövqeyimin ədalətli olmasına əminəm. Mənim üçün əsas məsələ münaqişənin tezliklə həll olunmasıdır və bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm”, - deyə Pedro Aqramunt vurğulayıb.

AŞPA-nın sədri Azərbaycan Prezidenti İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında Sərəncamını, dövlətimizin başçısının əfv Fərmanı nəticəsində 148 məhbusun azadlığa buraxılmasını, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatıMehriban Əliyevanın amnistiya təşəbbüsü ilə parlamentə müraciət etməsini yüksək qiymətləndirib.

0
8