İlhamənin dayısı oğlu: “Evə gəldim ki, ölü bir yanda qalıb, mal davası gedir” - MÜSAHİBƏ

İlhamənin  dayısı oğlu: “Evə gəldim ki, ölü bir yanda qalıb, mal davası gedir” - MÜSAHİBƏ

Mərhum xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılov Lent.az-a müsahibə verib.

- Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra xoşagəlməz söhbətlər ortaya çıxdı. Ölümündən sonra oğlu Orxan Nadirovla da bağlı bir çox iddialar oldu. Elə bir neçə gün öncə əməkdar artist Firuzə İbadova iddia etdi ki, Orxan ona pul “atıb”.

- Müsahibəyə başlamazdan öncə onu deyim ki, Orxan İlhamə xanımın nə oğlu, nə də oğulluğudur. O nəinki Firuzə xanıma, başqa şəxslərə də pul borcludur. Hətta bir müddət öncə Təzə Pir məscidindən mənə zəng etmişdilər ki, Orxan bizə 2 min manat pul borcudur.

- Orxanla bağlı sizə çox müraciətlər olur?

- Əlbəttə, narazılıqlar var. Mənə Orxan barəsində sual verirlər. Adamlar məndən soruşurlar ki, Orxana münasibətiniz? Orxan İlhamənin xalası nəvəsidir. Mənim ona münasibətim necə olacaq? Mənim 67, onun 30 yaşı var. O yaşda mənim nəvəm var.

Firuzə xanım Orxana pul verməyə görə qızıllarını banka qoyub. Firuzə xanım məndən də gözəl bilir ki, Orxanın kimə borcu var. Gəlin belə danışaq, siz jurnalistsiniz, yəni işiniz bəllidir. Amma Orxanının hansı peşəyə sahib olduğunu soruşan olub? Onun sənəti, təhsili, heç sürücülük vəsiqəsi də yoxdur. Belə baxanda normal adama oxşayır, amma heç bir sənətin sahibi deyil. Mənə zəng edib deyirlər ki, Orxan hüquqşünasdır, yoxsa iqtisadiyyatla məşğuldur? Amma mənə elə gəlir ki, Orxan dələduzluğu özünə peşə seçib. Dələduzluğun axırı da bax belə olur. Şəxsən Orxanın kimlərdənsə pul alıb verməyi mənim nəslimə böyük zərbədir. Mən hər zaman İlhaməyə görə Orxana kömək olmuşam. Orxanın anası hər zaman mənlə məsləhətləşərdi, atası isə məni böyük kimi qəbul edərdi. Amma sonra gördüm ki, bunlar artıq heç kimi saymırlar. Nə düşünürlər, onu da edirlər. Artıq Orxan barəsində danışmağa həvəsim də yoxdur. Bu adam mənim çox istədiyim bibimin nəvəsidir.

- Vida mərasimində sizi İlhamə xanımın qardaşı kimi təqdim edirdilər...

- İlhamə xanımla bir-birimizə qardaş deyirdik. O mənim bibim qızı olsa da, onu bacım kimi çox istəyirdim. Xarakteri kişi kimi idi. Çox təəssüflər ki, İlhamə xəcalət çəkə-çəkə öldü. İlhaməni ətrafı öldürdü. Hansı ki, İlhamə onları heç zaman yaxınına buraxmırdı.

- Xalq artistinin mirası da müzakirə mövzusudur.

- Ölkəmizin qanunları var. Bu, bizlik deyil. Lazımı qurumlar bu işi aydınlaşdıracaq. Miras məsələsinə gəldikdə isə İlhamə xanımın iki bacısı var. Bunlardan biri Quliyeva Gülbahar Məzahir qızı, digəri İradə Məzahirqızıdır.

- Sizcə İlhamə xanımın mirasında kim maraqlıdır?

- Onun ölməyini heç kim istəmirdi. Sualı düz demədiniz, elə soruşdunuz ki, elə bil hamı oturub İlhamənin  ölümünü gözləyirmiş ki, mirası ələ keçirsin. Mənim ağlıma gəlməzdi ki, İlhamə xanım bu tezliklə dünyasını dəyişsin. Düşünürdüm ki, hələ 15-20 il yaşayacaq. O gün efirə baxıram, müğənni nadir Qafarzadə deyir ki, yetimin malını yemək olmaz. Onun bu fikirlərinə qarşı çıxıram. Kimdir yetim? Orxan yetim deyil. Atası da var, anası da. Yetim İlhamə idi. Nə atası, nə anası, nə uşağı, nə də ailəsi var idi. İlhamə xanımın sağlığında tez-tez yanına gedirdim. Gərək açıq danışasan, o adam nə bacı gördü, nə də kimlərdənsə qayğı. Sənət adamı idi, ancaq xalqa xidmət edirdi.

- Müğənni Əli Mirəliyev mətbuatda İlhamə Quliyeva barəsində bir çox açıqlamalar verdi. Yəqin, izləmisiniz.

- Bir söz deyim, indi siz bu müsahibəni yazacaqsınız, reaksiya verən olacaq və qalmaqal olacaq. Amma mən bu cür şeylərdən kənar gəzən insanam. Orxan mənə “day-day” deyirdi. Mən ona başa saldım ki, sən bu əməllərindən əl çək. Amma məsləhətimə qulaq asmadı. Bilirsiniz, İlhamə xanım nədən dünyasını dəyişib? Gecə ona zəng gəlib, nəsə deyiblər, ürəyi partlayıb, ölüb.

- Sizcə, İlhamə xanımın mirası kimə qalmalıdır?

- Şəxsən mənə İlhamə xanımın mirası lazım deyil. Mərhumənin 40 mərasimi ərəfəsində vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün yaşadığı evin qarşısına getmişdim. Binada çalışan komendant mənə yaxınlaşıb dedi:, “Ay Eldar müəllim, İlhamə xanımın pişiyi qapının ağzında ac qalıb”. Mən də o pişiyi evimə gətirdim. Yəni İlhamədən mənə yalnız pişiyi “Markis” miras qaldı. Evi, maşını və digər mirasının kimə qalmasını isə sonda qanun deyəcək. Bildiyimiz kimi İlhamə xanım fevralın 25-i dünyasını dəyişib. Həmin vaxtdan 6 ay sonra mirasın kimə qaldığı bilinəcək. Şəxsən miras mənə maraqsızdır. Amma İlhamə ölən gün evə gəldim ki, ölü bir yanda qalıb, bunlar mal davası edirdilər.

- Hazırda İlhamə xanımın evində kim qalır?

- Heç kim. Evin qapıları möhürlənib.

- Orxan mətbuata açıqlamasında bildirib ki, evin və maşının açarları ondadır.

- Ev bağlı idi, qohumlar mənə müraciət etdilər ki, cümə axşamını evdə etmək istəyirik. Mən də müraciət etdim, evin açarlarını alıb, İlhamənin bacısı Gülbahara verdik. Cümə axşamından sonra evin qapıları yenidən möhürlənib. Maşın da cərimə meydançasında saxlanılır. Yəni Orxan yalan deyir. Evin və maşının açarları onda deyil. İlhamənin bank hesabı da dondurulub.

0
16