"İmarət"in "Qarabağ"dan tələbi: kubok Ağdama aparılsın

"İmarət"in "Qarabağ"dan tələbi: kubok Ağdama aparılsın

"İmarət" Azad Azarkeş qrupu "Qarabağ"dan çempionluq kubokunu təmsil etdiyi torpaqlara aparmağı, güllə altında yaşayan insanlara mənəvi dəstək olmağı tələb edib.

"İmarət" Azad Azarkeş qrupu idarə heyətinin üzvü Elnur Quliyevin Lent.az-a verdiyi məlumata görə, "Qarabağ" 3-cü ildir ki, haqqı olan Azərbaycan çempionluğunu qazanır. Amma təəssüf ki, bu çempionluq "Qarabağ"ın təmsil etdiyi şəhərdə yox, 370 km kənarda qazanılır: ""İmarət" Azarkeş qrupu yarananda (2009-cu il) “Qarabağ”ımız 16 ildir ki, çempion ola bilmirdi. Nəhayət, son çempionluqdan 21 il sonra, 2014-cü ildə bir daha çempion adına layiq görüldü. Biz bu komandanın çempion olmadığı illərdə belə adının və təbliğatının vacibliyi baxımından dəstəkləmişik. Qarabağ deyəndə yalnız futbol yada düşmür. 21 il sonrakı çempionluq bizi nə qədər sevindirmişdisə, komanda hər dəfə Ağdamsız çempion olanda bir o qədər üzülürük. Cəbhədəki son olaylar hər birimizə məlumdur. Biz 3 gün bundan qabaq Ağdam və Tərtər rayonlarını ziyarət etmişdik. İndiki zamanda oradakı insanlarımızın və hərbçilərimizin mənəvi dəstəyə ehtiyacı olduğunu gördük. ”Qarabağ”ımız Ağdamsız ilk dəfə çempion olanda komanda rəhbərliyinə kuboku Ağdam rayonuna aparmaqlarını təklif etmişdik. Bu nə cür baş tutdu, hamı bilir. Mövcud vəziyyətdə komandanın kuboku Ağdama aparması və sevincini insanlarla paylaşması labüddür. Bilirsiniz, müharibə ancaq silahla aparılmır. Bunun ideoloji və mənəvi-psixoloji tərəfləri də var. Yaxın günlərdə “Avrovizion” musiqi yarışmasında ermənilərin nələr etdiyinin hamımız şahidi olduq. Bu, sadəcə son etdikləridir. Çoxunu sadalamaq olar. Yəni, müharibəni sadəcə Müdafiə Nazirliyi, siyasəti yalnız Xarici İşlər Nazirliyi aparmır. Cəmiyyətimizin, insanımızın hər birinin payı olmalıdır bu məsələdə. Kimin əlindən nə gəlirsə, onu etməlidir. Baş məşqçimiz Qurban müəllimin, futbolçularımız Rəşad Sadıxov və Qara Qarayevin bu məsələlərə həssas yanaşması həmişə hiss olunur. Ancaq kuboku Ağdama aparmaq məsələsi təşkilati məsələdir. Ona görə də, bunu komandanın idarəçiləri planlaşdırmalı və həyata keçirməlidir"

E. Quliyev deyib ki, komanda özü bu işdə maraqlı və təşəbbüskar olmalıdır: "Orada olarkən icra hakimiyyətinin nümayəndələri də təşkilatçılıq üçün hər şey etməyə hazır olduqlarını bildirdilər. İnanırıq ki, komanda rəhbərliyi bizi, bizim timsalımızda yüzlərlə azarkeşi eşidib, kuboku Ağdama aparacaq".

0
18