Milli Qəhrəmanın həyat yoldaşı: Oğlum atasının şəhid olduğunu bilmir - FOTO

Milli Qəhrəmanın həyat yoldaşı: Oğlum atasının şəhid olduğunu bilmir - FOTO

“Evdən çıxanda həmişə evi Nurlana tapşırırdı ki, mən gedirəmsə, evdə kişi sənsən, ana sənə əmanətdi”.

Çalışıram, Muradın ölümünü uşaqlardan gizli saxlayım. Təbii ki, oğlumuz Nurlan anlayır ki, burada nəsə var. Bilirsiz, Murad şəhid olub. İstəyirəm ki, uşaqlar dərk etsinlər ki, ataları ölməyib, şəhidlik zirvəsinə ucalıb. Uşaqlar ölümün nə olduğunu bilirlər, şəhidliyi başa düşmürlər. Bunu onlara izah etməyə çalışıram.

Oxu.Az xəbər verir ki, bunu Report-a döyüş tapşırığını yerinə yetirərkən şəhid olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.

İxtisasça həkim olduğunu söyləyən F.Mirzəyeva bu çətin vaxtlarda uşaqları ovundurmağa, başlarını qatmağa çalışdığını soyləyib: 

“Məncə, anadan yaxşı psixoloq yoxdur. Uşaqlar atalarına çox bağlı idilər. Allah heç kəsi aciz qoymasın. Mən xaraktercə güclü insanam. Amma uşaqlar nəsə soruşanda sualın qarşısında aciz qalıram. Soruşurlar ki, ata haradadır, niyə gəlmir? Bu suallar insanın ürəyini parçalayır. Bilmirəm nə cavab verim”.

O qeyd edib ki, şəhid M.Mirzəyevlə vida mərasiminə övladlarını gətirməyib: 

“Müdafiə Nazirliyində medal təqdim olunarkən uşağı ona görə apardım ki, bu, onun yaddaşında qalmalıdır, atası şəhid olub. Zamanla başa düşəcək ki, niyə döyüşüb, atası niyə şəhid olub. Nurlan kitabçanı götürdü, oxudu, orada yazılıb ki, Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Məndən soruşdu ki, ana, niyə bura “ölümündən sonra" yazılıb?

Birtəhər başa saldım ki, zamanla hər şeyi başa düşəcəksən, dərk edəcəksən. Birinci sinifdə oxuyur, təbii ki, dərk edir. Binada hər kəs bilir, amma heç kim atasının şəhid olduğunu Nurlana demir. Müsəlmanıq, inanmıram, kimsə uşağa bu hadisəni desin. Bəlkə uşaqlar deyə bilər...”

F.Mirzəyeva həyat yoldaşı ilə son danışıqlarını da xatırlayır: 

“Aprelin 2-də axşamüstü danışdıq. Həddindən artıq çox qapalı insan idi. Cəbhədə baş verənlərlə əlaqədar ona sual verə bilməzdim. Sual versəydim belə, cavablandırmırdı. Bəzən mənə deyirlər, sənə nəsə demədi? Qəti şəkildə mənə nəsə demirdi. Evdən çıxanda həmişə evi Nurlana tapşırırdı. Nurlana deyirdi ki, mən gedirəmsə, evdə kişi sənsən, ana sənə əmanətdi. Sonuncu dəfə gedəndə həmişə necə gedirdisə, elə getdi. 

Ayın 2-də əlaqə saxladı, soruşdum ki, Murad, xəbərlər yayılıb ki, cəbhədə gərginlikdi, siz hansı tərəfdəsiz? Dedi, mən belə xəbərləri eşitməmişəm. İnanırsınız, həmin vaxt da mənə bir kəlmə söz demədi... Mənə bircə "salamatam" dedi. Sonra yazdım ki, özündən muğayət ol, nə olur-olsun, evə salamat gəl. Ayın 3-də əlaqə yarada bilmədim, hiss elədim ki, nəsə olub. Aprelin 4-də bizə dedilər ki, vəziyyət gərgin olduğundan Muradgilin briqadası ilə əlaqə kəsilib. Həmin gün başqa bir zabitin həyat yoldaşı zəng edib mənə başsağlığı verdi. Təsəvvür edin, necə olaram?! 

Həmin vaxt da Murad adlı başqa bir polkovnik şəhid olmuşdu. Amma soyadlar fərqli idi. Fikirləşdim, səhv salıblar, elə şey ola bilməz, inanmadım. Həmişə yoldaşıma deyirdim ki, sənin haqqında mənə nə desələr belə, heç kimə inanmaram. Yalnız özündən məlumat aldıqdan sonra inanırdım. Sonra hərbi hissə ilə əlaqə saxladım, onlar da məlumatsız olduqlarını dedilər. Düşünürdüm ki, qayıdacaq... Təsəvvür edin, ayın 10-na qədər evin içində çaxnaşma olub. Vaxt keçdikcə başa düşürdüm ki, vəziyyət yaxşı deyil. Aprelin 10-da Muradın meyitini Gəncəyə gətiriblər, orada tanımışdılar, onda anladım ki, Murad şəhid olub. Uşaqlara bildirmədim, cənazə də gələndə uşaqları çıxardım evdən. İstəyirəm ki, ataları uşaqların yaddaşında canlı kimi qalsın, yaddan çıxmasın. Çox çətindir... Nə qədər ki, yaşayıram, Muradın adını yaşadacam. Murad ölməyib, onlar haqqında "ölü" demək düzgün deyil, döyüşdə şəhid olarlar, ölməzlər”.

Milli Qəhrəmanın həyat yoldaşı deyir ki, Murad Mirzəyev ailəsini də, işini də çox sevirdi: 

“Tamam başqa bir insan idi. İnanırsız, elə bil, iki həyat yaşayırdı: işi və ailəsi. Ailə quranda mənə dedilər, hərbiçidir, kobud olacaq. Amma Murad elə deyildi, bir dəqiqə, bir saat vaxtı olanda onu bizimlə bölüşürdü. Son zamanlar evə gec gəlirdi. Yorğun da olsaydı, uşaqlar ayaqlarına sarılırdılar, o da güləşirdi. Yemək də yeyəndə uşaqlar qucağında olurdu. Başqa cür insan idi, sadə, təmkinli birisi idi. Mən ondan səbrsiz idim. İşi ilə bağlı çox şeyi yeni eşitmişəm, düşünürəm ki, elə şeyləri görən insan ailədə necə mülayim ola bilərdi? 

Çox səbrli idi. Mənə həmişə deyirdi ki, səbrli ol. Təbiəti çox sevirdi, bizi həmişə təbiət qoynuna aparardı. O, işini də çox sevirdi. Mənlə ailə quranda - 2004-cü ildə o, kapitan idi. Sonra dünyanın müxtəlif ölkələrinə səfərlər etdi. ABŞ-da kurs keçdi... Mən də həmişə ona təkan vermişəm, məsələn, deyib ki, harasa gedirəm, demişəm, get, fikrin arxada qalmasın, hər şeydən arxayın ol. Mən sevinirdim, qürur duyurdum ki, o, sevdiyi işlə məşğul olur. 

Komandir idi, tabeçiliyində xidmət edənləri çox istəyirdi. Onların başından bir tük əskik olanda çox pis olurdu. Zirvəyə çox əziyyətlə gəlib çıxmışdı, halal insan idi. Nə araq içirdi, nə də siqaret çəkirdi. Qohumlardan kimsə uşağını tapşıranda deyirdi ki, hamı xidmətə getməlidir”.

F.Mirzəyeva qeyd edir ki, Milli Qəhrəman uşaqlarını onların öz istədikləri peşədə görmək istəyirdi: 

“O, hərbini seçəndə atası etiraz eləmişdi, amma qərarı özü vermişdi. Bir dəfə Nurlandan soruşdu ki, hansı peşəni seçəcəksən? Dedi, ata, mən hələ adam olmaq istəyirəm. Bu, onun xoşuna gəlmişdi. İstəyirdi ki, oğlu idmanla məşğul olsun. Özü uşaqların dərsi ilə məşğul olurdu. Bəzən elə şeylər olurdu ki, onun üzərinə yönləndirirdim. Heç nəyə etiraz etmirdi, məsələn, işdən gəlmişəm, yorğunam. Ailəyə aid olan nəyəsə heç bir zaman etiraz etməzdi”.

Qey edək ki, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Murad Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

General-polkovnik Zakir Həsənov “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

Foto: Orxan Əzim

0
30