“Çölçü” filmi Rumıniyanın Beynəlxalq Film Festivalında

“Çölçü” filmi Rumıniyanın Beynəlxalq Film Festivalında

Film indiyədək 29 Beynəlxalq kinofestivalda iştirak edib, bir neçə mükafata layiq görülüb.

Şamil Əliyevin “Çölçü” bədii filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək Beynəlxalq Film Festivalında nümayiş olunacaq. Festival 20-25 may 2016-cı il tarixləri arasında keçiriləcək.

“Azərbaycanfilm” Kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, “PAMANTENİ” Birliyi və "BLACK SEA TRUST"-ın təşkilatçılığı ilə keçiriləcək film festivala 9 ölkənin filmləri nümayiş olunmaq üçün seçilib.  Əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği, mübadiləsi, kinomatoqrafın inkişafına yeni, müsbət meyarların gətirilməsidir.

Qeyd edək ki, “Çölçü” bədii filmi 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınıb.

Filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.

Filmin süjet xətti şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə yaşayan gənc çölçüdən bəhs edir. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, onu böyük, bixəbər olduğu dünyaya daxil edir...

Ümumiyyətlə, film indiyədək 29 Beynəlxalq kinofestival və forumlarda iştirak edib, bir neçə mükafat və diplomlara layiq görülüb.

0
38