Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olundu – FOTO

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olundu – FOTO

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi.

14 may tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Oxu.Az xəbər verir ki, mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən “Uşaqlar üçün laboratoriya”nın May təlimi “yaşıl enerji” mövzusuna həsr olunub.

Belə ki, təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılıb, həmçinin “kiçik ekoloqlara” erkən yaşlardan bildirilməsi vacib olan elektrik təhlükəsizliyi tədbirləri izah edilib.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində, o cümlədən müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prossesində iştirak ediblər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə öz elektrik dövrələrini də yaradıblar.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də  enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

0
31