Azərbaycanlı səfir Əbu Dabidə görüş keçirib

Azərbaycanlı səfir Əbu Dabidə görüş keçirib

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Əbu Dabi Ticarət və Sənaye Palatasının (ƏDTSP) baş icraçı direktoru HilalMəhəmməd Əl Hameli ilə görüşüb.

Lent.az-ın məlumatına görə,  D.Şikarov görüşə görə cənab Əl Hameliyə təşəkkür edərək, görüşün məqsədinin tanışlıq və Azərbaycan iqtisadiyyatı və onun imkanları barədə məlumat vermək olduğunu deyib. O bildirib ki, bünövrəsi Azərbaycanın Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed tərəfindən qoyulmuş Azərbaycan - BƏƏ əlaqələri yüksək səviyyədədir. Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən ilin aprel ayında ölkəmizə baş tutmuş səfəri bu əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Hökumətlərarası münasibətlərlə yanaşı, iki ölkənin xalqları arasında da çox gözəl münasibətlər formalaşmışdır və ölkələrimiz istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birinə dəstək olmaqdadır.

Daha sonra səfir, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş naiiyyətlər, həyata keçirilən iri miqyaslı beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və aparılan isllahatlar, əlverişli biznes və investisiya mühiti haqqında danışmış, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və dünyanın bir sıra digər bölgələrində həyata keçirilən xeyriyyə tədbirləri haqqında məlumat vermişdir.

İki ölkə arasındakı ticarət əlaqələrinin hazırkı səviyyəsinə toxunan səfir qeyd etmişdir ki, 2015-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 10 faiz artsa da, cəmi 70 milyon ABŞ dolları təşkil etmişdir. Halbuki bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan Səfir ölkəmizin əlverişli iqlimi, füsunkar

təbiəti, zəngin mədəniyyəti, ləziz mətbəxi və qonaqpərvərliyi ilə tanındığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycanda turizmin inkişafı bilavasitə ölkə rəhbərliyinin nəzarətindədir və turizmə göstərilmiş dövlət qayğısının nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da ilin dörd fəsli istirahət etməyə imkan verən müasir infrastruktur yaradılmışdır. Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin öz gözəlliyi ilə BƏƏ-li turistləri valeh edəcəyini deyən səfir, Qusar rayonunda istifadəyə verilmiş «Şahdağ» turizm mərkəzini xüsusi qeyd etmiş və bu kompleksin qış turizmi üçün bütün regionun ən cəlbedici məkanına çevrildiyini vurğulamışdır.

Səfir onu da qeyd edib ki, əvvəllər il ərzində cəmi 2500-3000 BƏƏ-li turist Azərbaycana səfər edirdisə, son üç ayda 10 mindən çox BƏƏ vətəndaşı ölkəmizə səfər etmişdir. Bu turistlərin əksəriyyəti əsasən Dubay Əmirliyinin payına düşsə də, əldə edilmiş müsbət dinamika Əbu Dabi Əmirliyindən olan turistlərin sayının da sürətlə artacağını deməyə

əsas verir. Turizm sahəsində getdikcə artan əlaqələr iki ölkə arasında hava nəqliyyatının inkişafına da təsirsiz ötüşmür. Hazırda “AZAL” və “Flydubai” aviaşirkətləri Bakı və Dubay istiqamətində uğurla fəaliyyət göstərir. Artan sərnişin axını və güclənən ticarət əlaqələri fonunda digər aviaşirkətlərin də Azərbaycan və BƏƏ arasında birbaşa hava səfərlərinə başlaması gözlənilir.

Söhbətin davamında, qarşı tərəfə Dağlıq Qarabağ münaqişəsi və onun iqtisadi fəsadlarıhaqqında məlumat verilib.

Cənab Əl Hameli ölkəsi haqqında deyilmiş xoş sözlərə və verilmiş məlumata görə səfirə

təşəkkür edib. O bildirib ki,  Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq münasibətləri

Heydər Əliyev və Şeyx Zayed zamanında başlamış və onların davamçıları tərəfindən

uğurla inkişaf etdirilmişdir. Azərbaycanda xüsusilə son iki ildə həyata keçirilən iqtisadi

islahatlar BƏƏ-li investorlar tərəfindən diqqətlə izlənilir. Ərzaq təhlükəsizliyi məsələsi BƏƏ üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, BƏƏ Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlıdır və səfir tərəfindən təqdim olunmuş ixrac məhsulları siyahısı diqqətlə nəzərdən keçiriləcəkdir. Əbu Dabili işadamlarından ibarət ticarət missiyasının ölkəmizə səfərinin təşkil edilməsi təklifi ilə əlaqədar olaraq isə o, bu kimi qərarların ƏDTSP-nin İdarə Heyəti tərəfindən alındığını əsas gətirərək İdarə Heyətinin məlumatlandırılacağını bildirmişdir. Əl Hameli həmçinin, Azərbaycandan müvafiq ekspertləri dəvət etməklə ƏDTSP-də işadamları üçün xüsusi təqdimatın keçirilə biləcəyini deyib.

Son dövrlərdə BƏƏ vətəndaşlarında yeni turizm istiqaməti kimi Azərbaycana xüsusi marağın oyandığını ifadə edən Əl Hameli, gündən-günə daha çox BƏƏ-linin Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd etmişdir. O, özünün də yaxın vaxtlarda Azərbaycana səfər etməyi düşündüyünü deyib.

0
28