Milli Məclisdə kredit müzakirəsi

Milli Məclisdə kredit müzakirəsi

“Bəs insanların gününə kim ağlayacaq””

Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa bildirib ki, çox vaxt vətəndaşlar kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayırlar. 

“Devalvasiyadan sonra insanlar banklara 1,6 milyard manat əlavə pul ödəməlidir. Banklar haqlı olaraq pulunu tələb edirlər. Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəməlidir. Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərin 71 faizini verib. 

Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarının qaytarılması problemi var. Onlara dəstək vermək lazımdır ki, 2 milyarda yaxınlaşan borclarının 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır.

Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə porbolemi ilə qarşılaşırlar. Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq”. 

Deputat Vahid Əhmədov bildirib ki, devalvasiyadan sonra insanlar və banklar arasında problemlər yaşanmaqdadır: 

“Banklarda yaranmış problemlə bağlı təklif etdim ki, bank sistemini İqtisadi siyasət komitəsinə və ya Milli Məclisin plenar iclasına dəvət edib, müzakirə etmək lazımdır. Bununla bağlı rəhbərlik tərəfindən cavab verilməyib. 

Həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi hazırlayaraq prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və spiker Oqtay Əsədova göndərmişik. 

Hələ cavab gözləyirik. Bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb”. 

Deputat Araz Əlizadə isə qeyd edib ki, parlamentdə təkliflər səsləndirilsə də, onlar reallaşmır və elə zalda qalır. 

“Bankların gününə ağlamaq lazımdır deyilir, bəs insanların gününə kim ağlayacaq”.

0
26