Miqrantları Azərbaycana daşıyan 5 dəstə ələ keçdi

Miqrantları Azərbaycana daşıyan 5 dəstə ələ keçdi

Saxlanılanlar Banqladeş vətəndaşlarıdır.

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 10 nəfər Banqladeş Xalq Respublikasının vətəndaşı saxlanılıb. 

Dövlət Miqrasiya Xidmətindən (DMX) Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı Banqladeş Xalq Respublikasının vətəndaşı Miah Firusun Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə qanun­suz miq­rasiya kanalını təşkil etdiyi məlum olub. 

Belə ki, Miah Firus Türkiyədə yaşayan Banqladeş vətəndaşı Baharul Babarla əlaqəyə girərək Banqladeş vətəndaşları Bepari MD Uzzal, Amin Mohammad Nurul, Hasan MD Mahibul, Kudus MD, Hasan Mahmudulun Naxçıvan istiqamətindən Türkiyəyə keçirilməsini təşkil etməyə çalışıb. Bu məqsədlə öz həmvətənlərini aldadaraq Azərbaycana gətirib burada onları müxtəlif ünvanlarda yerləşdirib. 

Təşkilatçı Mirah Firus da daxil olmaqla qeyd edilən əcnəbilər Naxçıvan Muxtar Respublikasına getməyə cəhd edərkən DMX əməkdaşları tərəfindən saxlanılıblar.       

Həmçinin, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qeyri-leqal yaşayan Banqladeş Xalq Respublikası vətəndaşları Ahmad Rubel, Ali Muslim, Uddin Mohammad Jamir, Ahmad Mohammad Foysal saxlanılıblar.

Məlum olub ki, qeyd edilən şəxslər Azərbaycan-İran-Türkiyə-Avropa marşurutu üzrə qanun­suz miq­rasiya axınına qoşulmaq məqsədilə Banqladeş Xalq Respublikası vətəndaşı  Nahid Neovaz tərəfindən aldadılaraq Azərbaycana göndəriliblər.

Nahid Neovazın qanunsuz əməlləri DMX tərəfindən aşkar edilib və şəxs bu il yanvarın 25-də Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb. 

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib. 

Xidmət qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir. 

0
13