Bakıda ağır atletikanın perspektivlərini müzakirə etdilər

Bakıda ağır atletikanın perspektivlərini müzakirə etdilər

Cahangir Əsgərov görüş keçirib.

Aprelin 5-də Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri Cahangir Əsgərovun Bakıda səfərdə olan Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan ilə görüşü keçirilib.

AZAL-dan İradə Rüstəmzadə, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və məşqçi heyəti iştirak edib.

Görüşdə federasiyanın rəhbəri Cahangir Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqətdən danışıb.

O bildirib ki, Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər görülür. Ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturu yaradılıb, idmanın inkişafı üzrə dövlət proqramları qəbul edilib və idmançıların sosial problemləri uğurla həll olunur.

Tomaş Ayan öz növbəsində qeyd edib ki, Beynəlxalq Ağır Atletika Federasiyasına üzv olan heç bir ölkədə idman sahəsində belə sürətli inkişaf və dövlət dəstəyi görməyib.

Görüşdə, həmçinin Hyustonda Dünya Çempionatının yekunlarına əsasən bəzi azərbaycanlı ağır atletlərin dopinq testinin müsbət çıxmasından narahatçılıq ifadə olunub.

Qeyd olunub ki, idmanda dopinq məsələləri Azərbaycanda ciddi narahatçılıq doğurur. Bu məsələyə ən yüksək səviyyədə baxılır və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün ciddi tədbirlər görülür.

Hazırda azərbaycanlı ağır atletlərin bəzi dopinq testlərinin müsbət çıxmasının səbəblərinə dair ciddi daxili araşdırma aparılır ki, bunun da nəticələri ən yaxın zamanda məlum olacaq.

Görüşün sonunda Cahangir Əsgərov Azərbaycanda gözəl gənc nəslin yetişdiyini qeyd edib və həmçinin ölkə regionlarında bu idman növü üzrə yeni istedadlı gənclərin axtarışı və cəlb olunmasına dair göstərişlər verib.

Ülviyyə R. Əli
www.oxu.az

0
27