“Azərsu” su tariflərinin artırılmasının səbəblərini açıqladı

“Azərsu” su tariflərinin artırılmasının səbəblərini açıqladı

“İşçilərimizin sayı 3 min nəfərdən çox olub”.

“Azərsu” ASC su təchizatının və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "APA-Economics"ə bildirib ki, son vaxtlar su operatoru tərəfindən kifayət qədər böyük həcmdə işlər görülüb ki, bu da cəmiyyətin xərclərini artırıb: 

“Nazirlər Kabinetinin qərarı ilə SOCAR, Bakı şəhər İcra Hakimiyyəti, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, "Xəzər Dəniz Gəmiçiliyi" QSC və digər dövlət qurumlarının balansında olan anbar, nasosxanalar və kanalizasiya xətləri cəmiyyətimizin balansına verilib. Təkcə bu qurumlardan "Azərsu" ASC-nin balansına götürülən su və kanalizasiya xətlərinin ümumi uzunluğu 4 500 kilometrdən çoxdur. 

Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə 2013-cü ildə bütün çoxmənzilli yaşayış binalarının daxili su və kanalizasiya xətləri "Azərsu" ASC-nin balansına verilib. 

Bundan başqa, son 5 ildə “Azərsu” tərəfindən 505 120 kilometr su xətti, 2 120 kilometr kanalizasiya xətti, 4 ədəd müasir sutəmizləyici qurğu, 54 ədəd su və kanalizasiya nasos stansiyası tikilib istifadəyə verilib.

Fasiləsiz su alanların xüsusi çəkisi nəticə etibarilə 2 dəfə artaraq ölkə üzrə 65%, Abşeron yarımadası üzrə 76%, Bakı şəhəri üzrə isə 79%-i üstələyib. Abonentlərin sayı eyni zamanda 350 mindən çox artaraq 1 milyon 390 minə çatıb. 

Ümumiyyətlə, görülən işlər cəmiyyətin xərclərini artırıb. Eyni zamanda əhalinin 24 saat fasiləsiz su ilə təminatı ilə bağlı görülən işlər elektrik enerjisi xərclərinin, işçilərin əmək haqlarının artmasına səbəb olub ki, bu da qiymət artımını şərtləndirib".

ASC rəsmisi qeyd edib ki, 2011-ci ilin fevral ayındakı tarif dəyişikliyindən sonra "Azərsu"da orta əmək haqqı 290 manatdan 435 manata qədər qalxıb: 

"Eyni zamanda, işçilərimizin sayı 3 min nəfərdən çox olub ki, bu da əmək haqqı fondunun 2 dəfədən çox artmasına, həmçinin büdcə öhdəliklərini 1,9 dəfə, Dövlət Sosial Müdafiə Fondu qarşısında olan öhdəlikləri 2,6 dəfə artırıb.

Bundan başqa, elektrik enerjisinə çəkilən xərclərimiz 3 dəfədən çox artıb, mal-materialın, yanacaq-sürtgü materiallarının, maşın və xüsusi texnikanın, o cümlədən onların ehtiyat hissələrinin artması da "Azərsu" ASC-nin xərclərini çoxaldıb.

Bu xərcləri qarşılamaq üçün "Azərsu" su və kanalizasiya tariflərinə yenidən baxılması üçün məsələni hökumət qarşında qaldırıb".

A. Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC-nin apardığı araşdırmalar göstərir ki, 180 ölkə arasında su və kanalizasiya xidmətlərinin xərclərinə görə, Azərbaycanda qiymətlər 24 ölkədəkindən baha, qalanlarından isə aşağıdır. 

"Bununla yanaşı, bu ölkələrin bəzilərində suyun maya dəyəri çox aşağıdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir".

0
19