Kraliça II Elizabetin 90 illik yubiley tədbirləri başa çatıb

Kraliça II Elizabetin 90 illik yubiley tədbirləri başa çatıb

Böyük Britaniya Kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə mayın 12-də Londonda başlayan tədbirlərə mayın 15-də yekun vurulub.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasından  bildiriblər ki, yubiley tədbirlərinin rəsmi hissəsində 14 Qarabağ atı və 1 Dilbaz atı çaparı, habelə Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblının kollektivi olmaqla ümumilikdə 50 nəfərdən ibarət heyətlə iştirak edən Azərbaycan nümayəndələrinin çıxışları Böyük Britaniya Kral ailəsinin üzvləri və digər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirlərə hər gün on minlərlə insan tamaşa edib. Ümumilikdə 12 iştirakçı ölkədən 600 at və 900 nümayəndənin bir-birindən fərqli çıxışlarını televiziya vasitəsilə milyonlarla insan izləyib.

Azərbaycan təmsilçilərinə başçılıq edən Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik Murad Nağıyev tərəfindən yubiley tədbirlərinin açılış və bağlanış mərasimlərində atçılıq meydanında dövlət bayrağı dalğalandırılıb.

Bildirək ki, yubiley tədbirinin son günündə şəxsən iştirak edən  Kraliça II Elizabetə Azərbaycan rəssamı Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən hədiyyə olaraq təqdim edilib.

Əsərin müəllifi, məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın Xarı bülbülü və çövkən oyununun təsvir olunması barədə Kraliçaya məlumat verib.

Bundan başqa, yubiley tədbirində Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsinin çıxışı bütün iştirakçıların və tamaşaçıların xüsusi marağına səbəb olub. Tədbirin ən həyəcanlı hissələrindən biri olan “Süvarilər”imizin çıxışı milli cins atlarımız üzərində müxtəlif ekstremal hərəkətlərdən ibarət olub. Belə ki, at belində ayaqüstü çaparlıq, yüksək sürətlə hərəkətdə olan atın yəhərinin altında tam dövrə vurma, yəhərdə beli üstə uzanaraq tarazlığı qoruyub yüksək sürətlə hərəkət etmə və s. cəsur hərəkətlər böyük uğurla nümayiş etdirilib. Xüsusən çıxışın sonunda 3 at üzərində 6 çaparın piramida quraraq “Happy birthday” yazılı bayrağı və ardınca Azərbaycanın, daha sonra isə Böyük Britaniyanın nəhəng bayraqlarını açmaları tamaşaçıları xeyli coşdurub. Bununla da Kraliça II Elizabetin doğum günü təbriki qeyri-adi üsulla ifadə olunub. Atlarımızın ətrafında rəqs qrupunun çıxışı da şouya fərqli rəng qatıb.

Azərbaycan nümayəndələrinin bu çıxışı Kraliça tərəfindən yüksək qiymətləndirilib.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyətinin hədiyyəsi II Elizabetin rəsmi sarayı olan Vindzor qəsrinə aparılıb.

0
28