Saday Şəkərliyə hökm oxundu

Saday Şəkərliyə hökm oxundu

Şəkərlinin vəkili çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə S. Şəkərlinin vəkili çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

S. Şəkərli də son sözündə ittihamları qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Müşavirədən sonra hakimlər hökmü elan ediblər. Hökmə əsasən, S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən proses prokuror çıxış edərək Saday Şəkərlinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

0
21