"Xəzər Lənkəran" çempionatdan kənarda qaldı - RƏSMİ

"Xəzər Lənkəran" çempionatdan kənarda qaldı - RƏSMİ

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda 2016/17 mövsümündə UEFA-nın klub turnirləri və Azərbaycan Premyer Liqası yarışlarında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, avrokuboklarda iştirak üçün müraciət edən 7 klubdan 6-na müsbət cavab verib. Bunlar AZAL, "Kəpəz", "İnter", "Qarabağ", "Qəbələ" və "Neftci"di. Premyer Liqanın debütantı “Zirə” isə avrokuboklara buraxılması üçün zəruri olan lisenziyanı ala bilməyib. Lakin qəsəbə təmsilçisi, həmçinin “Sumqayıt” Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb. Hazırda ölkə çempionatının yüksək liqasında çıxış edən digər iki klub – “Xəzər Lənkəran” və “Rəvan”a isə lisenziya verilməyib. Buna əsasən onlar gələn mövsüm Premyer Liqada oynamaq hüququndan məhrum olub. Lakin həm onlara, həm də I diviziondan yüksək dəstəyə çıxmaq istəyən klublara güzəşt edilərək əlavə vaxt verilib. Belə ki, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməyib. Bunu nəzərə alan komissiya çatışmazlıqları aradan qaldırmaq üçün əlavə 14 gün vaxt verib. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix mayın 30-du. Bu tarix bitdikdən sonra AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçiriləcək və klublar tərəfindən təqdim olunmuş sənədlərə əsaslanaraq müvafiq qərarlar qəbul ediləcək. Çatışmazlıqlar vaxtında aradan qaldırılmazsa və növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya almış klubların sayında yetərsay olmayacaq. Cəmi 8 klubla çempionatın keçirilməsi variantı yaranacağı halda, AFFA-nın Lisenziyalaşdırma Qrupu hesabat hazırlayaraq İcraiyyə Komitəsinə təqdim edəcək. Bu halda, növbəti mövsümdə Premyer Liqa yarışlarının iştirakçıları ilə bağlı son qərarı da AFFA-nın İcraiyyə Komitəsi verəcək.

0
23