Bəyaz Türkiyəni tərk etdi

Bəyaz Türkiyəni tərk etdi

Aparıcı yeni mövsümdə ekranlarda olub-olmayacağı barədə qərar verəcək.

Proqramında baş verən “Ayşə müəllimə” qalmaqalından sonra tənqid olunan məşhur şoumen Bəyaz (Beyazit Öztürk) Türkiyəni tərk edib.

Oxu.Az xəbər verir ki, o, İspaniyanın Barselona şəhərinə köçüb.

İyirmi ildir təqdim etdiyi “Bəyaz şou” proqramında yaşanan son hadisələrdən əhvalı korlanan aparıcı, yalnız çəkilişlər üçün Türkiyəyə gəlir və veriliş bitdikdən sonra ilk təyyarə ilə Barselonaya uçur.

Yay tətilini də orada keçirtmək fikri olan aparıcı yeni mövsümdə ekranlarda olub-olmayacağı barədə qərar verəcək.

Qeyd edək ki, Kanal D televiziyasında 8 yanvar 2016-cı il tarixində efirə gedən “Bəyaz şou”ya canlı telefon bağlantısı ilə qoşulan və özünü “Ayşə müəllimə” kimi təqdim edən qadın ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda uşaqların öldürüldüyünü bildirib. Bəyaz və zalda proqramı izləyən tamaşaçılar isə qadını alqışlayıb. Sosial və ənənəvi mediada etirazlar başladıqdan sonra Bəyaz “Kanal D”nin efirində üzr istəyib.

Aytən Sadıqzadə

0
22