Tarif Şurası daha 1 427 dərmanın qiymətini təsdiqlədi

Tarif Şurası daha 1 427 dərmanın qiymətini təsdiqlədi

Yeni qiymətləri iyunun 1-dən qüvvəyə minəcək.

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan Oxu.Az-a verilən məlumata görə, iclasda daha 1 427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7 075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. 

Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5 741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Qiymətləri yeni tənzimlənmiş 1 427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix aprel ayının 22-si müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin qiymətlərinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

0
147