İlham Əliyev Mahmud Höccətini qəbul etdi

İlham Əliyev Mahmud Höccətini qəbul etdi

Dövlət başçısı görüş keçirib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev İran kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu söyləyib.

Azərbaycanla İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd edib. 

Kənd təsərrüfatının ölkələrimiz üçün vacib sahələrdən biri olduğunu deyən dövlət başçısı digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan-İran əməkdaşlığının yaxşı nəticələr verəcəyini əminliklə bildirib. Prezident İlham Əliyev İranda kənd təsərrüfatı sahəsində çox böyük uğurların əldə edildiyini,  Azərbaycanda da bu sahənin daha da inkişaf etdirilməsi və ölkəmizin öz ərzaq təhlükəsizliyini təmin etməsi istiqamətində böyük işlərin görüldüyünü qeyd edib. 

Dövlət başçısı M.Höccətinin başcılıq etdiyi nümayəndə heyətini Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirib.

M. Höccəti isə İran prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlət başçısına çatdırıb. O, son vaxtlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin İranda böyük məmnunluqla qarşılandığını deyib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.

0
18