Rusiyalı nazir idmançıların etdiklərinə görə üzr istədi

Rusiyalı nazir idmançıların etdiklərinə görə üzr istədi

Rusiyanın idman naziri Vitaliy Mutko rusiyalı yüngül atletlərin dopinqdən istifadəsi ilə bağlı üzr istəyib.

APA-nın məlumatına görə, V. Mutko bununla bağlı “The Sunday Times” qəzetində məqalə yazıb.

V. Mutko yazıb ki, onları və dünyanı aldatmağa cəhd edən atletlərin dopinqdən istifadə etməsinin əvvəllər aşkarlaya bilmədikləri üçün üzr istəyirlər. Ancaq V. Mutko Ümumdünya Yüngül Atletika Federasiyasına üzvlüyü  dayandırılan Ümumrusiya Yüngül Atletika Federasiyasının rəhbərliyinin atletlər və məşqçilərlə birlikdə ciddi səhvə yol verdiyini vurğulayıb. Bununla belə,  Rusiyanın idman naziri 3 vacib səbəblə əlaqədar rusiyalı idmançıların qarşıdan gələn və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılmaması barədə qərarın ədalətsiz və qeyri-mütənasib olacağını qeyd edib.  Birinci, V. Mutko heç vaxt dopinqdən istifadə etməmiş rusiyalı idmançıların digər rusiyalı atletlərə görə cəzalandırılmamalı olduğunu yazıb. İkinci, rusiyalı nazir sual edib ki, yalnız rusiyalı idmançıları artıq Rusiyadan kənarda da geniş yayılmış  problemə görə cəzalandırmaq nə dərəcədə düzgündür. Eyni zamanda az əvvəl yayılan videomateriallarda dopinq probleminə Böyük Britaniya və ABŞ-da da rast gəlindiyinin yer aldığını nəzərə çatdırıb.

Üçünü, V. Mutko Rusiyanın Ümumdünya Antidopinq Agentliyi ilə birlikdə bu qurumun Moskvadakı antidopinq laboratoriyasının yenidən qurulması istiqamətində “yol xəritəsi” üzrə iş aparıldığını və Rusiyanın ölkədə idmanın “təmiz və vicdanlı” olması istiqamətində qətiyyətli addımlar atdığını xatırladıb: “Biz Rusiyada . bu sahədə problemin olduğunu inkar etmirik və dövlət səviyyəsində dopinqdən istifadənin aradan qaldırılması üçün idmançılar və məşqçilərin cəzalandırılması da daxil olmaqla, antidopinq qaydalarının pozulması barədə tədbirləri sərtləşdiririk. Rusiyalı idmançıların Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından  kənarlaşdırılması olimpiya həmrəyliyini sarsıdacaq”.

Qeyd edək ki, Ümumdünya Yüngül Atletika Federasiyasının iyunun 17-də iclası keçiriləcək. Əgər bu iclasda Ümumrusiya Yüngül Atletika Federasiyasının Ümumdünya Yüngül Atletika Federasiyasına üzvlüyü bərpa edilməsi barədə qərar verilməsə,  rusiyalı yüngül atletlər 5-21 avqust tarixlərində Rio-de- Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılmayacaqlar.

0
19