Əvvəlki illərinin məzunları üçün qəbul imtahanı keçirilir

Əvvəlki illərinin məzunları üçün qəbul imtahanı keçirilir

İmtahan respublikanın 11 şəhərində aaprılacaq.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. 

Oxu.Az-ın məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

İmtahanda 14495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək.


Abituriyentlərdən 13598 nəfəri (II qrup üzrə 6394, III qrup üzrə 7204 nəfər) Azərbaycan bölməsinin, 897 nəfəri (II qrup üzrə 465 nəfər, III qrup üzrə 432 nəfər) isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 6097 nəfəri (II qrup üzrə 4129 nəfər, III qrup üzrə 1968 nəfər) oğlanlar, 8398  nəfəri (II qrup üzrə 2730 nəfər, III qrup üzrə 5668 nəfər) isə qızlardır. 12004 nəfər orta ümumtəhsil məktəblərinin, 246 nəfər ali təhsil müəssisələrinin, 2245 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 42 abituriyent  xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 6392, Naxçıvanda 743, Gəncədə 1729, Sumqayıtda 730, Mingəçevirdə 646, Şəkidə 691, Ağcabədidə 711, Göyçayda 581, Şirvanda 515, Lənkəranda 1021, Xaçmazda isə 736 abituriyentin imtahan verəcəyi gözlənilir.

0
27