Bakıda 1 tondan çox yararsız ət aşkarlandı - FOTO

Bakıda 1 tondan çox yararsız ət aşkarlandı - FOTO

Reyd keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarət tədbirlərini davam etdirir.

DBX-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, mayın 14-də gecə saat 01.00-02.00 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə reyd  keçiriblər.

Reyd zamanı “Ucal- Elgün” MMC (Montində yerləşən) heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi “Qazel” markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünmüş, 1300 kq-a yaxın iribuynuzlu heyvan cəmdəkləri (1 baş camış, 8 baş inək cəmdəyi cəmi 36 şaqqaya ayrılmış ət) aşkarlanıb. 

Yük avtomobilinə baxış keçirilərkən heyvan cəmdəklərinin antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yarasız vəziyyətdə olan daxili orqanlarla birgə daşındığı məlum olub. Ətlərin orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

0
20