Bakıda polis bölməsində adam öldü - YENİLƏNİB

Bakıda polis bölməsində adam öldü - YENİLƏNİB

Prokurorluq məsələ ilə bağlı məlumat yaydı.

Bakı şəhər prokurorluğu vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb. 

Oxu.Az-a daxil olan məlumata görə, mayın 12-də saat 13 radələrində 1986-cı il təvəllüdlü Şüvəlan qəsəbə sakini Sultanov Zaur Səxavət oğlunun Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroluğunda araşdırmalar aparılır. 

Meyitə baxış keçirilib. Polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülüb, meyitin müayinə olunması və ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, qeyd edilən tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunmuş və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat edib.

Araşdırmalarla həmçinin, polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı öz təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilib.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir. 

12:06

Daxili İşlər Nazirliyi vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb. 

Oxu.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. 

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb. 

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

11:19

Bakıda polis bölməsində ölüm hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. 

İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

0
44