“ATL İnfo Tech”: Bizi fərqləndirən məhz komandamızdır – MÜSAHİBƏ

“ATL İnfo Tech”: Bizi fərqləndirən məhz komandamızdır – MÜSAHİBƏ

“Biz hər zaman istedadlı gənclərin yanındayıq”.

“Böhran fürsətdir” prinsipindən çıxış edən iqtisadçılar bu hallarda iqtisadi islahatları və startapları dəstəkləmək üçün böyük səy göstərirlər. “ATL İnfo Tech” şirkəti öz sahəsində peşəkar xidmətlər təklif etməklə yanaşı, startaplara yönəlik geniş layihələrə imza atır.

Oxu.Az şirkətin fəaliyyət prioritetləri və layihələrin nəticələri ilə bağlı “ATL İnfo Tech” şirkətinin texniki direktoru Vurğun Hacıyev ilə müsahibəni təqdim edir.  

- Vurğun bəy, “ATL İnfo Tech” şirkəti hansı xidmət və həlləri təklif edir, əsas hədəf müştəriləriniz kimlərdir?

- “ATL Group”un tərkibində fəaliyyətə başlayan “ATL İnfo Tech” şirkəti bazarda ilk addımlarını inteqrator şirkət kimi atıb. İş fəaliyyətimizdə başlıca yanaşmamız, yenilikçi texnologiyalar, mükəmməl həllər təklif etməklə, müştərilərimizə yüksək səmərəlilik və effektivliliyə malik idarəetmə imkanları təqdim etməkdir. Yenilikçiliyimizlə bərabər, diqqət mərkəzində saxladığımız digər istiqamət proqram təminatıdır.

Təqdim etdiyimiz xidmətlər bir neçə sahəni əhatə etməklə, əsasən İT konsaltinq, proqram təminatı və həllər, sistem inteqrasiyası və s. kimi istiqamətləri əhatə edir. Data mərkəzlərinin formalaşdırılması, qurulması, yaxud hazır mövcud sistemlərin dəstəklənməsi təklif etdiyimiz xidmətlər üzrə bir neçə nümunədir.

Eyni zamanda, beynəlxalq  şirkətlərlə əməkdaşlığımız bizə peşəkar mütəxəssisləri yetişdirməkdə, inkişaf tempini təmin etməkdə yardım edir. İnformasiya texnologiyaları üzrə təklif etdiyimiz məhsullar ölkəmizdə və ölkəmizdən xaricdə istənilən sektorda tətbiq oluna bilər.

Şirkətimiz korporativ satış istiqaməti ilə bərabər, pərakəndə satışları da artırmaq niyyətindədir. Korporativ müştərilərə daha çox İT strategiyası üzrə xidmətlər təqdim etsək də, pərakəndə bazar bizim gələcək hədəfimizdir.

- Şirkətinizin bazarda təmsil olunan digər şirkətlərdən fərqini necə səciyyələndirə bilərsiniz? Müştərilər niyə məhz sizin şirkəti seçməlidirlər?

- Hesab edirəm ki, peşəkar İT şirkət qurmağa nail olmuşuq və şirkətimizi bazarda digər  həmkarlarımızdan fərqləndirən əsas amil mütəxəssislərdən ibarət komandamızdır. Xüsusi vurğulamaq istəyirəm ki, biz, hər bir namizəd ilə müsahibəyə istedad axtarışı prizmasından yanaşırıq və çalışırıq ki, xüsusi bacarığı olan insanları komandamızda görək.

Şirkətimizin əməkdaşları ölkəmizin bir sıra universitet və təlim mərkəzlərində tədris ilə məşğul olurlar, istedadlı gənclərlə, tələbələrlə birbaşa təmasda olurlar. Biz bu tələbələri öz komandamıza dəvət edirik və onlarla çalışmağa üstünlük veririk. Bu baxımdan işgüzar komandamızın təşkilini və peşəkar komandamızı, şirkətimizin başlıca fərqli xüsusiyyəti kimi qeyd edə bilərəm.

- Şirkətiniz tərəfindən hansı Korporativ Sosial Məsuliyyət layihələri həyata keçirilir?

- Qeyd edim ki, “ATL İnfo Tech” şirkəti yarandığı gündən yeni, gənc mütəxəssislərin yetişdirilməsi və bazara hazır işçi qüvvəsi kimi təqdim edilməsində maraqlı olub. Tələbələrin iş həyatına hazırlanması, peşəkar biliklərin əldə edilməsi istiqamətində yerli ali təhsil müəssisələrilə birgə sosial layihələr həyata keçirməkdəyik.

Vurğulamaq istərdim ki, 2015-ci ildə 40-dan çox tələbəyə iş təcrübəsi keçməyə vəsilə olmuşuqsa, 2016-cı ildə artıq bir peşəkar komanda kimi bu fəaliyyətimizi daha da təkmilləşdirərək yeni metodlarla tələbələri cəlb edəcəyik.

Yəni, bizim əsas məqsədimiz tələbələri komandamıza cəlb edərək onlara yalnız iş şəraiti yaratmaq deyil, birbaşa layihənin icrasında iştirak, real olaraq mühəndis və digər əməkdaşlar ilə bir yerdə işləmə imkanı təqdim yaratmaq, müəyyən kodlar və skriptlər yazmaq, müəyyən analitik hesabatlar aparmaq bacarıqlarını inkişaf etdirməkdir. Bunun onlar üçün gələcək iş həyatında çox faydalı olacağını düşünürəm.

Layihələrdə iştirak etmiş tələbələrdən aldığımız müsbət rəylər yanaşmamızın doğru olduğunu təsdiq edir və bu, bizim üçün çox önəmlidir. Bu sahədəki uğurlarımız yeni bir istiqamət üçün ideya da verib. Belə ki, 2016-cı və 2017-ci illərdə “ATL İnfo Tech”in nəzdində yalnız tələbələr deyil, məktəblilərin də bu cür imkanlardan istifadə etməsi məqsədilə sırf Treninq Mərkəzi formalaşdırmağı düşünürük.

- Məlum olduğu kimi, şirkət olaraq yerli startap eko sisteminin formalaşdırılmasına kifayət qədər önəmli dəstək verirsiniz. Bu barədə və SUP akselaratorunun yaranmasına rəvac verən səbəblər barədə fikrinizi bilmək istərdik.

- Sup.Az startap akseleratoru çox maraqlı bir layihədir. Layihə “ATL Group” və “Khazar Ventures” şirkətlərinin ortaq təşəbbüsü nəticəsində ərsəyə gəlib. Partnyorumuz “Khazar Ventures” şirkəti bu sektorda təcrübə sahibidir. Əməkdaşlığımız onlar üçün də maraqlı, daha fərqli bir model idi.

Məqsədimiz yerli bazara yeni bir format ilə daxil olaraq beynəlxalq tərəfdaşlara malik startap akseleratorunun əsasını qoymaq idi. Bizim də bu model çox xoşumuza gəldi.

Model 3-4 ay ərzində layihə təşəbbüsləri olan komandaları formalaşdırıb, onlara texniki mentorluq etmək, həmçinin müəyyən hüquqi, maliyyə və marketinq dəstəyini təmin etməkdən ibarət idi. Sonrakı mərhələlərdə komandalara potensial investorlarla görüşmək, öz məhsullarını təqdim etmək istiqamətində yardımçı oluruq. Bunların hamısı ayrılıqda böyük və çətin işlərdir.

Sup.Az-ın ən böyük uğuru, həmin komandaları məhz bu cür yetişdirməsindədir. Düşünürəm ki, qısa bir zamanda Sup.Az özü də hər hansı bir xarici ölkədə öz filialını aça, yaxud öz ideya tərəfdaşları ilə birgə  işləyə bilər. Ümid edirəm ki, Sup.Az vasitəsilə investorlar da artıq layihəyə  yatırım prosesini bilmiş olacaqlar. Çünki bu, birtərəfli biznes deyil. Burada həm akselerator, həm komandalar, həm də investor birgə işləməlidir ki, ortaya çox maraqlı bir layihə qoyub, onu xarici bazara çıxara bilək.

Bununla yanaşı, “Yeni Fikir” layihəsində də bizim Qafqaz Universiteti ilə bərabər əməkdaşlığımız mövcuddur. Ən son yarımfinal yarışması da məhz “ATL Group”un ofisində baş tutmuşdur. Mən özüm də “Yeni Fikir” layihəsinin münsiflər heyətinin üzvüyəm və artıq Azərbaycanda bacarıqlı gənclərin formalaşdığını hiss edirəm.

Yəni, üç-dörd il öncəyə nəzər salsaq, görəcəyik ki, bu startapların formalaşmasına çox sadə alətlər ilə daxil olurduq. Lakin get-gedə komandalardakı üzvlər də nə istədiklərini dərk edir və bilirlər ki, bu cür layihələrə qatılan zaman münsiflər nəyi tələb edir. Düşünürəm ki, Azərbaycanda “Yeni Fikir” kimi layihələr çox olmalıdır.

Bu səbəbdən şirkətimiz də bu tip layihələri hər zaman dəstəkləyir. Çünki biz hər zaman istedadlı gənclərin yanındayıq.

0
21