Azərbaycanlı müğənni: "Mətanət İsgəndərli gəlməli idi, amma..."

Azərbaycanlı müğənni: "Mətanət İsgəndərli gəlməli idi, amma..."

Müğənni Sabina Selcan ifa etdiyi “Bilə Bilə etdim” adlı mahnısına çəkilmiş klipi mediaya təqdim edib.  Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, hazır olan klip ürəyincədir:

“Əslində bu gün mənim yanımda Mətanət İsgəndərli olmalı idi. Lakin tədbir keçilən gün bizə xəbər göndərdilər ki, qəflətən Mətanət xanımın halı pisləşib. Özü də tədbirimdə çıxış etmək istəyini söyləmişdi. Bizim Mətanət xanımla münasibətimiz çox yaxşıdır. Amma nə edək ki, həyatda qismət deyilən bir şey də var. Bütün bunlara baxmayaraq prodüserim Sayqa Cahidin sayəsində təqdimat mərasimim gözəl keçdi. Bu günə qədər bəstəkarlar oxumağım üçün mənə xeyli sayda mahnılar təqdim etmişdilər. Amma həmin mahnıların heç biri mənə təsir etməmişdi. Lakin müğənni dostum Elnar Xəlilovun təqdim etdiyi bu mahnı mənə çox təsir etdi. Bəstəni ilk dəfə ifa edəndə ağladım və lentə aldırmağa qərar verdim. Daha sonra rejissor Elvin İsmanlıya müraciət etdik ki, bu gözəl əsəri ekranlaşdırsın. Hazır olan iş də göz qabağındadır. Düşünürəm ki, gözəl bir klip ərsəyə gəlib”.

Daha sonra müğənnin prodüseri Sayqa Cahid də öz fikirlərini bölüşüb: “Əslində mən xeyli müddət idi ki, şou-biznesdən uzaqlaşmışdım. Yəni müğənni ilə işləmək fikrim yox idi. Lakin Səbinə Selcanın potensialını görüb onun yanında oldum. Klipdə olan bütün ideyalar hamısı komanda işinin məhsuludur. Bu 4 dəqiqəyə yaxın olan bu ekran işində cəmiyyətə mesaj göndərmişik. Bu mahı Azərbaycan qadınına həsr edilib. Mesajın nədən ibarət olduğunu isə klipə baxanlar anlayacaq”.

Xatırladaq ki, “Bilə bilə etdim” adlı bəstənin söz və musiqisi müğənni Elnar Xəlilova, aranjemanı Rüstəm Qurbanova məxsusdur. Klipdə 10 nəfərə yaxın komanda çalışıb.  Müğənnin tərəf müqabili model Babək Zeynallı və azyaşlı Həcər Həsənzadədir. Klipdə operator Samir Süleymanlı, qrim Lamiyə, saç Könülə məxsusdur.

Qeyd edək ki, təqdimat mərasiminə müğənnilərdən Elariz Məmmədoğlu, Ramal İsrafilov, Zemfira İbrahimova, Şəbnəm Əsədova, Dəniz, Afaq Aslan, “Şarm” qrupu, prodüserlər Roland Bayramov, Təranə Səmədova, Mədinə Məlik, dj Roşqa və başqaları gəlmişdi.

0
30