Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılışı oldu

Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılışı oldu

Mayın 12-də Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Dağıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Sərgidə Dağıstan aid milli geyimlər, silahlar, zərgərlik məmulatları, xalçalar və s.  təqdim olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkənin həyatında mühüm mədəni hadisə olduğunu qeyd edib: “İki Qafqaz xalqını əsrlər boyu dostluq, ortaq din, adət-ənənələr bir-birinə bağlayıb. Biz ortaq tarixi yol qət etmişik”. Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsində prezident İlham Əliyevin və həmkarı Vladimir Putinin töhfələrini xüsusi qeyd edərək, Azərbaycanın Rusiyanın 70 subyekti ilə iqtisadi və 30 subyekti ilə mədəni əlaqələr qurduğunu vurğulayıb.

Oqtay Əsədov Dağıstanın Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını qeyd edib.

 “Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar, ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dağıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər”, - deyə spiker qeyd edib.

Milli Məclisin sədri prezident İlham Əliyevin görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevi Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif etdiyini bildirib.

Parlament sədri  mayın 12-də Azərbaycan Milli Məclisi və Dağıstan Xalq Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalandığını qeyd edərək, Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi səylərə görə minnətdarıq edib: “Azərbaycan regionda sülhün tərəfdarıdır”.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov  dostluq münasibətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirərək Azərbaycan və Dağıstanın din, mədəniyyət və tarix baxımından qardaş olduqlarını qeyd edib: “Bu əlaqələrin möhkəmlənməsinə   Heydər Əliyev və Prezident Vladimir Putin verib. Bu gün mən prezident İlham Əliyevin qəbulunda olarkən bir sıra mühüm məsələləri müzakirə etdik. Bir daha əmin oldum ki, ölkələrimizi sıx iqtisadi əməkdaşlıq birləşdirir. İstərdim ki, mədəni əlaqələr də möhkəmlənsin”.

Sonra tamaşaçılara proqramın bədii hissəsi təqdim edilib.

Tədbirdə “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblı, “Dağıstan” Dövlət Mahnı və Rəqs Ansamblı, “Xasavyurt” Uşaq-Gənclər Rəqs Ansamblı və digər qruplar çıxış ediblər. Dağıstan dövlət teatrlarının aktyorları ölkənin orta əsr həyatına dair “Dərbənd qapıları”, “Aşıqların yarışı” və s. adlı səhnəciklər nümayiş etdiriblər.

0
20