“Eurovision-2016”-nın ikinci yarımfinalı başladı

“Eurovision-2016”-nın ikinci  yarımfinalı başladı

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci  yarımfinalı başlayıb. Lent.az-ın məlumatına görə, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda  Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış edirlər.

Çıxışlardan sonra keçiriləcək 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.   

Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olacaq.

Finala vəsiqə qazanmış  təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.  

Müsabiqənin mayın 10-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar  Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya,  Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.

0
27