Azərbaycanda nəzarətə götürülən şəxslərin siyahısı genişlənib

Azərbaycanda nəzarətə götürülən şəxslərin siyahısı genişlənib

Baş nazir qərarında dəyişiklik edib.

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə qərarında dəyişiklik edib.

Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib.

Məlumata görə, yeni dəyişikliyə əsasən, “Azərbaycanda notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 33-1-ci hissəsinin birinci abzasında “siyahısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təsdiq edilmiş şəxslərlə" sözləri “terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri ilə bağlı" sözləri ilə əvəz edilib.

Başqa sözlə, artıq yuxarıda sadalanan hallarda şübhəli bilinən şəxslərin təkcə özlərinin deyil, onların sahibliyində və ya nəzarətində olan, həmçinin həmin şəxslərin adından və onun tapşırığı ilə fəaliyyət göstərən şəxslərlə bağlı məlumatlar da müvafiq qurumlara veriləcək.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"- Maddə 33-1:

33-1. Notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların idarə olunması və alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya siyahısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təsdiq edilmiş şəxslərlə həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə monitorinqi xidmətinə təqdim etməlidir.

0
23