Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə bağlı son vəziyyət açıqladı

Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə bağlı son vəziyyət açıqladı

“Əsas müraciətlər qriplə əlaqəli olub”.

Hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev deyib ki, bu sahədə heç bir çətinlik yoxdur. 

Stansiya müdiri qeyd edib ki, ötən illərlə müqayisədə son 4 ayda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı azalma tendensiyası müşahidə olunur:

“Əsas müraciətlər isə mövsümi qriplə əlaqəli olub. Əvvəlki illərə nisbətən bu sahədə də azalma qeydə alınıb. Yay mövsümündə əsas vəba xəstəliyi ilə bağlı stansiyaya müraciət daxil olur. 

May ayından oktyabr ayına kimi 16 stasionar nöqtədə açıq su mənbəyindən su nümunələri götürülərək yoxlanılır. Digər yoluxucu xəstəliklər, eləcə də quş qripi ilə bağlı heç bir təhlükə yoxdur. Çünki yay fəslində belə hallar demək olar ki, müşahidə olunmur. Buna səbəb yayda quşların miqrasiyasının olmamasıdır”.

R.Abdullayev əlavə edib ki, sərhədlərdə bütün stansiyalarda yoxlama komissiyaları fəaliyyət göstərir. Bütün hərarətli xəstələrin yoxlanıldığını deyən stansiya müdirinin sözlərinə görə, onlarda hansısa yoluxucu xəstəliklər aşkar olunarsa, həmin şəxslər Ağciyər İnstitutunda hospitallaşdırılır və müayinələri aparılır.

R.Abdullayev əlavə edib ki, iki aydan sonra Respublika Taun Əleyhinə Stansiyanın binası yeni ünvana köçəcək:

“Orada da müasir tipli laboratoriya fəaliyyət göstərəcək. Yeni bina Nizami rayonu ərazisində olacaq. Hazırda həmin binada son tamamlanma işləri gedir. Orada 4 səviyyəli laboratoriyadan 3-ü təşkil olunacaq”.

0
13