Martirosyan Serj Sarkisyanın əleyhinə hərəkat yaradacaq

Martirosyan Serj Sarkisyanın əleyhinə hərəkat yaradacaq

“Ermənilər Qarabağ münaqişəsindən yorulublar”.

İtaliyanın “L`Opinione” qəzetinin internet saytında italyan tədqiqatçı-jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Ermənistanda repressiya: Martirosyan işi” adlı məqalə dərc edilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, məqalədə bildirilir ki, Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan siyasi repressiyalar və total nəzarət həyata keçirən Serj Sarkisyan hökumətini ifşa edəndən sonra Ermənistandan Azərbaycana qaçıb.

Qeyd olunur ki, Martirosyan həbs edilməklə hədələnib, özü və ailəsi fiziki təzyiqlərə məruz qalıb, nəticədə hamilə həyat yoldaşı körpəsini itirib. O, Azərbaycandan siyasi sığınacaq almaq üçün müraciət edib və müsbət cavab aldıqdan sonra “səyahəti”ni üçüncü bir ölkədə davam etdirib.

“Dissident və onun ailəsinin işi ilə məşğul olan “Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti” Martirosyanın ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə onların yaşadığı üçüncü ölkəni ictimailəşdirmir. Erməni dissident “naməlum” istiqamətə “səyahətini” başlamamışdan öncə Bakıda mətbuat konfransı keçirərək, Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyulması ilə bağlı sülh mesajı verib, beynəlxalq ictimaiyyəti Azərbaycan ərazisi kimi tanınan və erməni işğalı altında olan Dağlıq Qarabağ faciəsini unutmamağa çağırıb”,- deyə qəzet yazır.

Bildirilir ki, Azərbaycanı tərk etdikdən sonra V. Martirosyan Ermənistanın hazırkı rəhbərliyini münaqişəni qızışdırmaqda, Ermənistan və Azərbaycan xalqları arasında nifrət hisslərini təşviq etməkdə ittiham edib. O bildirib ki, Ermənistanda yaşayan ermənilər Qarabağ münaqişəsindən yorulublar.
 
Ermənistan ordusunu sərt tənqid edən dissident burada qohumbazlığın olduğunu bildirib: “Ermənistan ordusunda bütün işlər Baş Qərargah rəisi Yuri Xaçaturovun əlində cəmlənib. O, inanılmaz korrupsiya dairəsi yaradaraq, erməni ordusunu məhv edib. Xaçaturovun sadəcə kağız üzərində mövcud olan 5 min nəfərlik müqavilə əsaslı heyəti var. Yalnız Xaçaturovun hesabatlarında mövcud olan bu şəxslərin saxlanılması üçün dövlət büdcəsindən vəsait ayrılır”, - deyə Martirosyan qeyd edib.

Bundan əlavə, Martirosyan Azərbaycan xalqı ilə münasibətlərindən danışaraq, azərbaycanlıların erməni xalqına qarşı nifrət bəsləmədiyini bildirib, Azərbaycanın paytaxtı Bakı şəhərinin Fəvvarələr meydanında yerləşən “erməni irsi” olan kilsəyə heç bir zərər yetirilmədiyindən və Azərbaycan dövlətinin mühafizəsi altında olmasından heyran qaldığını qeyd edib. 

Martirosyan erməni olmasına baxmayaraq, erməni qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının tərəfdarıdır. Hazırda üçüncü dövlətdə olmasına baxmayaraq, Martirosyan siyasi fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

O, yaxın günlərdə xaricdə yaşayan ermənilərin Serj Sarkisyana qarşı ictimai hərəkat yaradacağını bəyan edib.

0
12