Uorlik: Qarabağ üzrə danışıqlar hər hansı ilkin şərt olmadan başlamalıdır

Uorlik: Qarabağ üzrə danışıqlar hər hansı ilkin şərt olmadan başlamalıdır

“Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur”.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün illər boyu ətrafında danışıqların aparıldığı element və prinsiplərin əsas olacağını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib.

“Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq”, - Uorlik izah edib.

O həmçinin bəyan edib ki, Minsk qrupunun üzv ölkələri bu mexanizmlərin tətbiq edilməsi məqsədilə münaqişə tərəfləri ilə işləyəcəklər. O, tezliklə danışıqların başlanılmasına ümid etdiyini bildirib.

Uorlik həmçinin qeyd edib ki, danışıqlar prosesində uğur əldə edilməsi prosesin hər hansı ilkin şərt olmadan başlayacağı halda mümkündür.

Onun sözlərinə görə, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir. 

Ceyms Uorlik bildirib ki, həmsədrlər münaqişə tərəfləri ilə ən yüksək səviyyədə daimi təmasları dəstəkləyir.

“Ermənistan və Azərbaycan prezidentləri bu məqsədlərə nail olmaq üçün siyasi iradə nümayiş etdirməlidirlər. Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur, lakin biz istənilən vaxt münaqişənin tənzimlənməsi ilə bağlı növbəti addımların konkretləşdirilməsi məqsədilə regiona səfər etməyə hazırıq.

Hazırkı mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”, - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bildirib. 

0
18