Hərbi attaşelər üçün cəbhə bölgəsinə səfər təşkil olunub - YENİLƏNİB

Hərbi attaşelər üçün cəbhə bölgəsinə səfər təşkil olunub - YENİLƏNİB

Onlar fosforlu top mərmisinin düşdüyü yerə baxış keçiriblər.

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər cəbhə bölgəsində ermənilər tərəfindən atılmış, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə baş çəkiblər.

Oxu.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baxış keçiriblər. 

O qeyd edib ki, həmin mərmi sənədləşdirilərək bütün beynəlxalq təşkilatlara göndəriləcək: 

“Hamı görsün ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrini istifadəsi qadağan olunmuş kimyəvi silahla vururlar”.

H.Hacıyevin sözlərinə görə, hazırda əraziyə ATƏT-in monitorinq qrupunun da gəlməsi gözlənilir: 

“ATƏT nümayəndələri də hadisə yerinə baxış keçirəcək. Baxış keçirildikdən sonra kimyəvi silah yerindəcə zərərsizləşdiriləcək”.

Xatırladaq ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı ermənilər Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar.

Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi günəş işığında alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.

10:52

Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.

Bu barədə Oxu.Az-a XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib: 

“Bu da beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunur. 

Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq”.

0
20