“İŞİD-ə dəstək verdiyimizi söyləyən alçaqlar oldu” -Ərdoğan

“İŞİD-ə dəstək verdiyimizi söyləyən alçaqlar oldu” -Ərdoğan

“İŞİD-lə mübarizə məsələsində digər dövlətlər heç bir addım atmayaraq və kəşfiyyat məlumatlarını paylaşmayaraq hər şeyi Türkiyənin etməsini gözləyib. Bu məsələdə əsassız ittihamlara məruz qaldıq. Türkiyəni İŞİD-ə yardım edən dövlət kimi göstərmə alçaqlığına gedənlər oldu”.

Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Balkan ölkələri Baş Qərargah rəislərinin 10-cu konfransında çıxış edərkən deyib. O bildirib ki, İŞİD-ə ən böyük zərbələri məhz Türkiyə vurub: “Belə bir ölkə İŞİD-ə necə dəstək verə bilər? Biz İŞİD-in əlindəki silahların kimə aid olduğunu bilirik. Bir çox dost ölkəyə “bu silahları oraya atmayın” dedik, həmin silahların yarısı İŞİD-ə, yarısı PYD-yə çatdı. Bu problemi təməlindən həll etmək lazımdır, yoxsa bölgəyə dinclik gəlməyəcək. Sərhədlərimizin o biri tərəfinin terror təşkilatlarının sığınacağı halına gəlməsinə qarşı zəruri addımlar atmaqda qərarlıyıq”.

R. T. Ərdoğan qeyd edib ki, Suriya məsələsi çoxdan regional problem olmaqdan çıxaraq qlobal təhdid halına gəlib: “Təəssüf ki, bu gün beynəlxalq təşkilatların 1990-cı illərdəki acı təcrübələrdən dərs almadığını görürük. Qonşumuz Suriya başda olmaqla, bölgədə baş verənlər bunun təzahürüdür. Təxminən 600 min insanın ölməsinə rəğmən lazımi addımlar atılmayıb. İraq, Yəmən, Ukrayna məsələlərində ümidverici gəlişmələr yaşanmır. Köç problemi daha çox insanı öz təsiri altına alacaq şəkildə genişlənir”. 

Qeyd edək ki, Rusiya Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edir.

0
9