Magistrlara hərbi möhlət verilməyəcək

Magistrlara hərbi möhlət verilməyəcək

“Belə bir zamanda bu, düzgün olmaz”.

Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb.

Oxu.Az xəbər verir ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Trend-ə bildirib ki, bu məsələnin layihədən çıxarılmasının səbəbi təmas xəttində gərginliklərin artmasıdır:

“Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Eyni zamanda, bu günlərdə 9 mayda II Dünya Müharibəsinin veteranları da Prezidentə müraciət edərək bildirdilər ki, lazım gəlsə, biz də təmas xəttinə gedərək Azərbaycanın haqq işi uğrunda mübarizəsinə kömək edə bilərik. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz”.

İ.Həbibbəyli əlavə edib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər.

Komitə sədrinin fikirincə, hazırda gənclərin də ən böyük arzusu Azərbaycanın torpaqlarının müdafiəsi, qorunması və haqq işində qalib gəlməyimizdir.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.

Oğlanların əksəriyyəti bakalavr səviyyəsi üzrə təhsillərini başa vurduqdan sonra həqiqi hərbi xidmətə getdiklərindən onlar sonradan təhsilin digər səviyyələri üzrə oxumağa maraq göstərmirlər. 

Azərbaycan əhalisinin cinsi tərkibində qadın və kişilərin say nisbəti təxminən bərabər olsa da, qeyd edilən səbəbdən bu gün elm sahəsinə gələn gənclərin çoxu qızlardır. Bunun aradan qaldırılması üçün magistr və doktoranturada oxuyanlara möhlət hüququnun verilməsi vacib hesab edilirdi.

Xatırladaq ki, “Elm haqqında” qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

0
12